ZİKR VƏ HÜZUR

0

Bütün ibadətlərin ortaq xüsusiyyəti qulun Rəbbini xatırlayaraq o ibadəti məsuliyyətlə yerinə yetirməsidir.

Bir xatırlama və o xatırlama nəticəsində yaxınlaşma və yalvarmadır. Məsələn, namaz, oruc bir xatırlamadır, həcc və zəkat bir xatırlamadır. Allah rizası üçün edilən hər bir xeyir əməl Onu xatırladığımız üçün ibadətdir.

İçində Allahın xatırlanmadığı bir ibadət ibadət olmaqdan çıxır və bəndənin özünü boş yerə yorması kimi ifadə edilir. Özünü göstərmək üçün edilən xeyir əməl, şüursuzca qılınan namaz və mənası dərk edilmədən tutulan oruc Allah-Təalanın qatında faydasız əməl olaraq görülür.

Zikrin davamlılığı həm ibadətlərlə, həm də Rəbbimizin adlarını tərənnüm və təfəkkür etməklə olur. Necə ki, kainatda yaradılan hər varlıq öz diliylə Rəbbini anır, insan da bir şükür və həmd ifadəsi olaraq Rəbbini davamlı anmalıdır.

Kamil bir mömin ola bilməyin ən ali nöqtəsi zikrin hüzurunu bütün hüceyrələrin hiss etməsidir. İnsanın iman dərəcəsi içində olduğu mənəvi səviyyəyə görədir.

Allahı anmaq, insanı Allahdan uzaqlaşdıran hər şeydən uzaq olmaq insanın daimi hüzur halını yaşamasına səbəb olur. Başqa cür desək, hüzur davamlı edilən zikrə bağlıdır.

Qurani-Kərim zikrin bütün ibadətləri əhatə edici bir xüsusiyyətinin olduğunu vurğulayır.

Ayələrdə vurğulanan zikrləri başlıqlar halında bu cür ifadə edə bilərik:

Zikr ən böyük ibadətdir.

Zikr qulun Rəbbi tərəfindən xatırlanmasına səbəbdir.

Zikrdən üz çevirəndən sən də üz çevir.

Zikrdən üz çevirəni çətin bir həyat gözləyir.

Zikr könüllərə hüzur verir.

İnsanı qəflətin girdabına aparan amillər hər addımda insanın önünə çıxır və mənzilə çatmağına mane olmaq üçün əlindən gələni edir.

Dünya sevgisi, mal sevdası, şöhrət həvəsi, sabahın qayğısı, eqoizm, insani zəiflik və saymaqla bitirə bilməyəcəyimiz qəflət yolları… Allahı anan adamın ürəyi zikr nurları ilə təmizlənib tərtəmiz olar. Zikrlə dolan qəlbin döyüntüləri də başqadır, hissiyyatı da…

İbadət və zikr insanı Rəbbinə yaxınlaşdırır. Onda könül rahatlığı əmələ gəlir, üzərinə səkinət və dinclik enir. Rəsulullah (s.ə.s) belə buyurur:

“Allahı zikr etmək üçün bir qrup insan birlikdə oturarsa, mələklər onları əhatə edər, onları rəhmət bürüyər, üzərlərinə səkinə (rahatlıq, feyz) enər və Allah onları yanındakılara (mələklərə) zikr edər” (Müslim, Zikr 25, 30, № 2689, 2700)

Allahın zikri qulunu Ona yaxınlaşdırır, onu himayəsinə alır, nemət və rizasına yaxınlaşdırır, özündə inam və dinclik duyğuları yaradır.

Allahı zikr edən insan nemətlərin fərqinə varıb şükür edən bəndəyə çevrilər. Zikrin gözəlliyi insanın üzündə əks olunar. Hal və hərəkətlərinə nizam verər və üzü davamlı zikr halında olan qəlbin aynası olar.

Zikr qəlbləri doyuran, iştahalarını, acgözlülüyünü aradan qaldıran bir ibadətdir. Zikr qul üçün sayıq olmaq, şüurlu olmaqdır. Zikr təqvaya çatdırar, təqvanı öyrədər, təqvaya dost edər.
Zikr sayəsində İnsanın daxili dünyası yenilənər. Yaranan dinclik, sükunət və ilahi aydınlığın köməyi sayəsində həyatın müvəqqəti çətinlikləri ilə mübarizə aparılar.

Quran oxumaq zikrdir. Quran oxumağın fəzilətini ortaya qoyan hədislər günahkarlıq duyğusundan doğan nəfsdəki stressdən xilas olmaq üçün Quranın çox əhəmiyyətli bir dərman olduğunu göstərir. Quran ürəklərdə olan, könüllərdəki şübhə və artıq istəklərin şəfasıdır.

Onda haqqın batili necə aydınlatdığının, əşyanı olduğu kimi görməyi təmin edən məlumat, düşüncə və anlayışı pozan şübhə xəstəliklərini necə yox etdiyinin açıqlaması vardır. Onda hikmət, qorxutma, təşviq etmə və ürəyin yaxşı olmasını təmin edəcək ibrət götürüləcək şeyləri təhkiyə yolları, gözəl öyüd-nəsihət vermə vardır.

Qəlb əvvəlcə xətadan asılı, doğrunun düşməni olsa belə, beləcə doğrunu sevər, səhvdən nifrət edər. Quran iradə zəifliyinin səbəb olduğu xəstəlikləri aradan qaldırar, qəlbi gücləndirərkən iradə də gücləndirər.

Xülasə, mömin zikrə davam etdiyi müddətcə Allaha yaxın və Onun himayəsində olduğunu hiss edər. Bu vəziyyət möminin daxili aləmində sərbəstlik, dinclik və xoşbəxtlik duymasına səbəb olar. Allahın zikri insanın qəlbində güvən və təminat hissi oyandırar. Həyatın çətinlik, zəhmət və təhlükələrinin qarşısında acizlik duyulduğu zamanda, insanın hiss etdiyi çarəsizliyin dərmanı olar. Unutmaq lazım deyil ki, “Qəlblər ancaq Allahın zikri ilə aram tapar”. (ər-Rəd, 28)

SALİH ZEKİ MERİÇ

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CƏNNƏT XÜRFƏSİ

Dinimizdə ən mühüm və bir o qədər də savab sayılan əməllərdən biri də xəstə olan bir möminə baş çəkməkdir. Allah-Təala...

Bağla