Dünya dinləri arasında İslamın özünəməxsus yeri və təkzibolunmaz dəyərləri vardır.
Tarix səhnəsində ərəb dilində və ərəb Peyğəmbər vasitəsi ilə göndərilən İslam dini son dərəcə qısa bir vaxt ərzində Ərəbistan yarımadası hüdudlarından xaricə çıxaraq, Hindistan vadilərindən tutmuş Atlantik okeanı sahillərinə qədər böyük bir ərazidə yaşayan xalqların dünyagörüşünün, ictimai əhval-ruhiyyəsinin və davranışının təməlini təşkil etmiş, onların dövlət-hüquq quruculuğunu, təsərrüfat fəaliyyətini, əxlaqi və mənəvi dəyərlərini və sözün geniş mənasında desək, həyat və təfəkkür tərzini müəyyənləşdirmişdir. On dörd əsr ərzində Azərbaycan xalqı da başqa müsəlman xalqları kimi İslam dəyərlərindən bəhrələnərək, bu dinin saflaşdırıcı mədəni ənənələrindən təsirlənmişdir. İslama, onun müqəddəs kitabına, Peyğəmbərin həyat yoluna və bu dinin təbliğ etdiyi mənəvi dəyərlərə olan təbii maraq hissi də buradan doğur.
İslam tarixən müxtəlif aspektlərdən öyrənilmişdir. Quranın vahid mətninin tərtib edilməsi, qiraətlər və təfsir elmlərinin meydana çıxması, hədisşünaslığın təşəkkülü, müsəlman tarix elminin, daha sonralar fiqh, kəlam, üsul elmlərinin, bütövlükdə “İslam elmləri” və yaxud “din elmləri” deyilən bir elm sahəsinin nəşət tapması ilə İslamın əsaslarının öyrənilməsi başlamışdır. Bu elmlər öz üslubuna və mahiyyətinə görə sözün əsl mənasında orta əsr elmləri olmuşdur və çox vaxt rəvayətlərə əsaslanmışdır. Lakin zaman keçdikcə İslam elmləri cilalanmış, təkmilləşmiş, elmi təfəkkür üçün səciyyəvi təhlil üslubuna yiyələnmişdir. Bu baxımdan, elmi-texniki tərəqqinin geniş vüsət aldığı indiki dövrdə bir milyarddan artıq ardıcıl olan bir dinin cazibədarlığı, qəlblərə və şüarlara nüfuz etmək qabiliyyətinin sirlərini aşkar etmək üçün İslamın fəlsəfəsinə, əqidə sisteminə və iman prinsiplərinə bu günün tələbləri səviyyəsində nəzər salınması təbii sayılmalıdır.
Belə bir mühüm məsələni də qeyd etmək lazımdır ki, təqribən son 150 il ərzində Avropa elmi İslamı yəhudilik və xristianlıqla müqayisədə törəmə eklektik bir təlim kimi təhrif olunmuş şəkildə təqdim etmiş, ona dini-fəlsəfi, rasionalizm, pozivitizm, marksizm, ateizm və başqa ideya-siyasi aspektlərdən yanaşılmışdır. Sovet dövründə bilavasitə Azərbaycanda da İslam az və zəif öyrənilmiş, onun obyektiv elmi tədqiqi uzun müddət diqqət mərkəzindən yayınmışdır. Əgər bu dövrdə İslamla bağlı az-çox tədqiqat aparılmışdırsa, bu tədqiqatlar siyasi-ideoloji mahiyyət daşımış, sovet dövrlərinin daxili və xarici siyasətinə tabe edilmiş və heç də həmişə obyektiv və qərəzsiz olmamışdır. İslamın təbliğati funksiyaları, təşəkkül perspektivləri və başqa elmi sahələr ilə əlaqəsi barədə məsələlər isə ümumiyyətlə öyrənilməmişdir.
Məlum səbəblərə görə, 70 il İslam dünyasından məcburi ayrılan Azərbaycan 1991-ci ilin axırlarında dövlət müstəqilliyi əldə etdikdən sonra yenidən bu dünyanın tərkib hissəsi olmuşdur. Azərbaycan müsəlmanlarının İslama, dini-mənəvi dəyərlərə, adət-ənənələrə olan marağının artmasında və öyrənilməsində tətqiqat işləri ilə yanaşı kütləvi informasiya vasitələrinin də müstəsna rolu vardır.
Bu gün İslamın fəal bir qüvvəyə çevrildiyi, istər Qafqaz və Orta Asiyanın müsəlmanrespublikalarında, istərsə də bütövlükdə müsəlman dünyasında “İslam amilinin” təsirinin gücləndiyi bir şəraitdə bu prinsip və əsaslarının yenidən nəzərdən keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. İslamın dini, fəlsəfi, sosial-siyasi təcrübəsinin öyrənilməsi müasir həyatımızda dini-mənəvi dəyərlərlə bağlı məsələlərdə düzgün istiqamət götürməyə imkan verir.