“İslamofobiya təkcə müsəlmanlar üçün deyil, Avropa dövlətlərinin vətəndaşları üçün də problemdir”.
Bunu Belçikanın Avropa İnkişaf və Tədqiqatlar Akademiyasının direktoru Brahim Laituss Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, müsəlmanlara qarşı ayrı-seçkilik avropalılara da təsir edir, çünki təhlükəsizlik məsələləri Avropa üçün çox vacibdir.
B.Laituss islamofobiyanın geniş vüsət almasında islam dini ilə bağlı etibarlı məlumatların çatışmazlığının da mühüm rol oynadığını vurğulayıb: “İnsanlar axtarış sisteminə “müsəlman” və ya “islam” sözünü daxil etdikdə müxtəlif saytlarda fərqli məlumatlar ortaya çıxır ki, bu da həqiqəti yalandan ayırmağı çətinləşdirir”.
“Avropa Komissiyası ilə birlikdə biz vahid yanaşma strategiyasını müzakirə etmək və bu problemi həll etmək üzərində işləyirik”, – o deyib.
Report