Daha 5 qadın dini ayin icraçısı Saatlı rayonu “Varxan” kənd, Quba şəhəri “Cümə”, Siyəzən şəhəri “Cümə”, Ağdaş şəhəri “Hacı Məhəmməd” və Zaqatala şəhəri “Cümə” məscidlərinə təyin olunublar.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd edilir ki, Komitə tərəfindən 13-15 fevral 2023-cü il tarixində İslam dininə aid ibadət yerlərində qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün keçirilmiş müsahibədə iştirak edən və uğur qazanaraq təyinat almış bir qrup qadın dini ayinlərin icraçıları ilə görüş keçirilib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı görüş zamanı ölkədəki dini durum, dövlətin dini abidələrə və din xadimlərinə göstərdiyi yüksək diqqət və qayğısından bəhs edib. Dini ayin icraçılarına müvafiq tövsiyələr verərək, fəaliyyətlərində Azərbaycan reallığı və ölkəmizin tarixi dini ənənələrinin əsas götürülməsinin vacibliyini diqqətə çatdırıb. M.Qurbanlı dini mərasimlər zamanı İslami dəyərlərin olduğu kimi təbliğ edilməsinin vacibliyini vurğulayıb.
Daha sonra qadın dini ayinlərin icraçılarının fikirləri və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, görüşdə iştirak edən qadın dini ayin icraçıları Dövlət Komitəsi sədrinin müvafiq əmri ilə Saatlı rayonu “Varxan” kənd, Quba şəhəri “Cümə”, Siyəzən şəhəri “Cümə”, Ağdaş şəhəri “Hacı Məhəmməd” və Zaqatala şəhəri “Cümə” məscidlərinə təyin olunublar.
Xatırladaq ki, bundan öncə təyinat almış 10 nəfər qadın dini ayin icraçısı artıq respublikamızın müxtəlif şəhər və rayonlarında yerləşən məscidlərdə fəaliyyət göstərirlər.
Report