RAMAZAM BAYRAMI

0

Bayramlar hər il təkrarlanan və insanlar tərəfindən önəm verilən xüsusi günlərdir. Dini və dünyəvi anlayışından aslı olmayaraq hər bir xalqın özünəməxsus bayramları vardır. Çünki bayram günləri eyni duyğu və düşüncəyə sahib olan insanların bərabər hərəkət etmələrinə, bir olmalarına, sevinclərini bölüşmələrinə imkan yaradan günlərdir. İslamdan öncəki dinlərin özünəməxsus bayramları olduğu kimi İslam dininin də özünə xas iki bayramı vardır. Ramazan və Qurban bayramı.

Rəsulullah (s.ə.s) belə buyurmuşdur: Hər bir qövmün öz bayramı vardır, bizim bayramımız da budur“. (Buxari, İdeyn, 3). Ənəs ibn Malikdən (r.a) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) Mədinəyə gəldiyi zaman yerli xalqın ildə iki dəfə bayram qeyd etdiklərini görmüş və: “(Qeyd etdiyiniz) bu iki gün nədir?” – deyə soruşmuşdur. Onlar: “Biz cahiliyyə dövründə bu günlərdə əylənərdik”, – deyə cavab vermiş və bunu eşidən Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Şübhəsiz ki, Allah sizin üçün bu günləri onlardan daha xeyirli olan Qurban və Fitr (Ramazan) bayramları ilə əvəz etdi” (Əbu Davud, Salat, 239).

Bu gün Ramazan ayının artıq son günlərini yaşayırıq və Ramazan bayramı ərəfəsindəyik. Qeyd etdiyimiz kimi Ramazan bayramı iki böyük dini bayramımızdan biridir. Bayramlar sevinc və şadlıq günləridir. Çünki bayramlar, Uca Rəbbimizin bizə fərz etdiyi dini əmrlərdən sonra gəlir. Ramazan bayramı, tutduğumuz oruc və Ramazanda edilən çoxsaylı ibadətlərlə nəfsani arzularımıza sədd çəkərək ilahi əmrləri yerinə yetirə bilməyimizin bayramıdır. Başqa dini bayramlarda olduğu kimi, bu bayramda da birlik və bütünlüyümüzü möhkəmləndirməli, hamımızda sevgi, şəfqət və mərhəmət duyğuları coşmalı, küskünlük və acılıq aradan qalxmalı, qəmgin üzlər gülməli, qatı ürəklər yumuşalmalıdır. Bu günlər sevinmək və sevindirmək günləridir. Yaradılanı sevindirmək, Yaradanı sevindirməkdir. Qurani-kərimdə buyurulduğu kimi: “Salam olsun sizlərə, gözəl işlər gördünüz, indi əbədi qalmaq üçün cənnətə girin!” (Zümər 39/73).

Ramazan və Qurban bayramlarını digər xalqların bayramlarından ayıran ən bariz əlamət bu bayramların Allaha edilən ibadətlərdən sonra qeyd olunmasıdır. Çünki insan Allaha layiqli qul olmağa cəhd etdiyi üçün bu günləri sevinclə qeyd edər. Həyatın məqsədi Allah dərgahında dəyər qazanmaq olduğu üçün insan yalnız bu məqsədlə etdiyi əməllərinə görə görə sevinməlidir. Bunun xaricində dünyəvi məqsədlərlə sevinmək, eyş-işrət məclisləri təşkil edərək əylənmək insanın yalnız ziyanını artırar.

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Müdafiə naziri Ramazan münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Təbrikdə deyilir: Cənab zabitlər, yoldaş...

Bağla