Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) ilə birlikdə Kahramanmaraş şəhərində zəlzələdən zərər çəkənlərə yardım kampaniyası təşkil edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, yardım kampaniyası Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması, zəlzələdən zərər çəkənlərin həyat şəraitinin yaxşılaşdırılması, ehtiyaclarının ödənilməsi məqsədilə dövlətimizin həyata keçirdiyi uzunmüddətli kampaniyanın tərkib hissəsidir.
Kahramanmaraş valisi Ömər Faruk Coşkun, Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Hayrettin Güngör Azərbaycandan gələn qonaqlar və diaspor nümayəndələri ilə görüşüblər. Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun, TADEF-in və Türkiyədəki Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Görüş zamanı kampaniyanın səmərəli təşkili ilə bağlı məsələlər müzakirə edilib, Azərbaycan dövlətinin, həmçinin diaspor təşkilatlarının hər zaman türk qardaşlarımıza dəstək verdikləri, müvafiq addımlar atmağa hazır olduqları diqqətə çatdırılıb.
Qeyd edək ki, yardım kampaniyası xaricdə yaşayan aztəminatlı azərbaycanlılara, o cümlədən Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə sosial yardım göstərilməsi üçün ayrılan dövlət vəsaiti və bir müddət əvvəl ADDF tərəfindən həyata keçirilmiş “Türkiyə, səninləyik!” yardımtoplama kampaniyası çərçivəsində toplanmış ianələr hesabına həyata keçirilir. Kampaniya iki gün davam edəcək.