“Türkiyə hər zaman Azərbaycanın yanında olacaq və bu, dəyişilməz dövlət siyasətidir”.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Büro katibi, millət vəkili Bayram Özçelik Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı sarsılmaz həmrəylik pis və yaxşı gündə olmaqla bu gün də davam edir: “Zəlzələ fəlakətində də ilk köməyə gələn məhz Azərbaycan dövləti və xalqı oldu. Bu, heç vaxt unudulmayacaq”.
B.Özçelik bildirib ki, Heydər Əliyev olmasaydı, həmin dövr region ölkələri üçün çətin olardı: “Ulu Öndər tək Azərbaycan deyil, həm də Türkiyə üçün də önəmli şəxsiyyət olub. Bu gün Türkiyənin müxtəlif şəhərlərində onun adını daşıyan küçə, məktəb və s. Heydər Əliyevə olan hörmətin bariz nümunəsidir. Ümummilli Lider məzarında Azərbaycanın XXI əsrdəki uğurlarını dinc şəkildə izləyir. Gələcək əsrlərə Azərbaycanı aparan möhkəm təməl var. Türkiyə xalqı və dövləti ilə hər zaman Azərbaycanın yanında və çiyin-çiyinə olacaq. Bu, dəyişilməz dövlət siyasətidir. Qarabağ qalibiiyyəti ilə nəticələnən Şuşa Bəyannaməsi ilə əlaqələrimiz strateji səviyyədən müttəfiqlik səviyyəsinə yüksəlib”.
Report