ZAHİRİN YALANI

0

Zahirdə şər kimi görünən hadisələr nəticə etibarilə xeyir ola biləcəyi kimi, bunun tam əksi də mümkündür. Bu barədə Rəbbimiz belə buyurur: “Bəlkə də xoşlanmadığınız bir şey sizin üçün xeyirli, xoşlandığınız bir şey isə sizin üçün şərdir. Allah bilir, ancaq siz bilməzsiniz” (Bəqərə 216). Bu ayə açıq şəkildə bəyan edir ki, bəzi şər bildiyiniz şeylər sizə xeyir gətirə biləcəyi kimi, xeyir kimi görünən bəzi şeylərdə də şər ola bilər. Başqa bir ayədə Rəbbimiz: “Ola bilsin ki, sizin xoşlanmadığınız bir şeydə Allah (sizin üçün) çoxlu xeyir nəzərdə tutmuşdur” (Nisa 19)  buyuraraq xoşlanmayan bir şeydə fayda və xeyir olma ehtimalını bəyan etmişdir.

Qaruna verilən malı, mülkü, görən insanlar bu zənginliyi xeyir zənn etdilər. Lakin Qarunun mülkü yerlə yeksan olandan sonra, belə var dövlətin şər olduğunu, sahibinin həlak səbəbi olduğunu başa düşdülər (Qasas 82). İnsanlar xeyir diyə umduqları və fayda əldə etmək naminə dua etdikləri bəzi şeylər şər çıxa bilər, yaxud bir başa özləri üçün şər istəyib bəddua  edərlər (İsra 11). Quranda bu cür bəddua örnəkləri var: “Onlar vaxtilə belə demişdilər: “Ey Allahım! Əgər bu (Quran) Sənin dərgahından gələn bir həqiqətdirsə, onda başımıza göydən daş yağdır, yaxud bizə acı bir əzab gətir!”” (Ənfal 32). Yetim malı yiyən kimsələr bunu xeyir sanırlar, amma bu onların öz qarınlarına yedikləri alovdan ibarətdir (Nisa 10). Ad qövmü özlərinə göndərilən Allahın Elçisinə üsyan etdilər və arxasınca “vəd etdiyin əzabı başımıza düçar et” deyə tələb etdilər. Bir müddət sonra uzaqdan bir qara bulud görən Ad qövmü bunu xeyir sandılar. Çox sevindilər ki, yağış dolu buludlar gəlir və yaxında quraqlıqdan məhv olmuş torpaqlara yağış yağacaq. Amma gördükləri buludlar onlar üçün şər qaynağı və həlak səbəbi oldu. Çünki o buludlarda Allahdan gələn əzab vardı (Əhqaf 22-24). Sədəqə və zəkat vermək zahirdə malın əskilməsi kimi görünsə də, tam tərsinə mal və mülkün artmasına səbəb olur (Rum 39).

Peyğəmbər aleyhissalamın xanımı Aişə (Allah ondan razı olsun) anamıza atılan böhtan və iftira hadisəsi barədə Quranda deyilir: “Bunu özünüz üçün pis bir şey hesab etməyin! Əksinə, o sizin üçün xeyirlidir” (11-20). Bu ayədə, iftira kimi böyük günah barəsində “sizin üçün xeyirlidir” deyilir. Çünki məhz bu hadisə nəticəsində bir çox xeyir və fayda üzə çıxdı. Əlxülasə, hadisələrin zahirindəki “yalana” aldanmamaq lazımdır.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident: “Türkiyənin uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır”

"Milli iradənin təntənəsi olan səsvermənin nəticələri ölkənizin hərtərəfli inkişafı yolunda qətiyyətlə həyata keçirdiyiniz genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərinizə verilən ən...

Bağla