QMİ SƏDRİ QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINI TƏBRİK EDİB

0

Bütün Qafqazın şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə, Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm həmvətənlərim!

 Möhtərəm həmvətənlərim! İslam aləminin ən əziz və müqəddəs günü, Uca Yaradana ibadətin və İlahi Lütfün təcəllisi olan mübarək Qurban bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza Allah-taaladan səadət və rifah, xeyirli və bərəkətli ömür arzulayıram. Allaha şükürlər olsun ki, bu ilki Qurban bayramı xalqımızın ən möhtəşəm bayram sevinci – Vətən müharibəsindəki Qələbənin qüruru ilə davam edir. Qəhrəman Azərbaycan əsgərinin işğaldan azad olmuş ərazilərdə dövlətimizin üçrəngli bayrağını ucaltması, Şuşa və Ağdam məscidlərinin minarələrindən azanların səslənməsi İlahi ədalətin bərpası deməkdir. Bu mübarək günləri bizə, bütün xalqımıza yaşatdığı üçün Uca Yaradana sonsuz həmd-sənalar edir, Qələbənin müəllifi və sərkərdəsi, Azərbaycan xalqının böyük oğlu, adı tarixin qızıl səhifəsinə Qarabağ Fatehi kimi yazılan Zati-aliləri Ali Baş komandan İlham Əliyev cənablarına xeyir-dualar diləyirik! Dünya ictimaiyyəti Azərbaycanın siyasi liderinin qüdrətinin və ölkəmizdəki sarsılmaz xalq-dövlət birliyinin şahididir. Bu il 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin davamçısı Prezident İlham Əliyevin misilsiz uğurlarına görə biz Azərbaycan dövlətinin gələcəyinə böyük inam və ümidlə baxırıq və inanırıq ki, Allahın köməyi ilə xalqımız öz müzəffər lideri ilə birlikdə daha böyük zəfərlərə imza atacaqdır, inşallah. Bu ilki bayram, Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 28 iyun tarixinə təsadüf edir. Həmişə xaqlın dini inanclarının qayğısına qalan dövlətimiz iki günü – 28-29 iyun tarixlərini qeyri-iş günü elan etmişdir və bu özəl münasibətinə görə biz müsəlmanlar dövlət rəhbərimizə minnətdarlığımızı bildiririk. Şəri hökmlərə əsasən, Qurban kəsimi 3 gün ərzində icra oluna bilər. Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların qəbul olunduğu zamandır. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləmək bizim vəfa borcumuzdur. Biz Qarabağda dalğalanan Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfalar arzulayırıq. Əziz həmvətənlərim! Bir daha bu əziz bayram münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan təmənna edirik. Allah-Təala bütün müsəlman ümmətinin ibadətlərini qəbul etsin, Azərbaycan dövlətini və dövlət rəhbərimizi qorusun, Allahın mərhəmət nəzəri daim Vətənimizin və xalqımızın üzərində olsun! Qurban bayramımız mübarək olsun!

Şeyxülislam Allahşükür PAŞAZADƏ

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə Səfirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Türkiyənin Azərbaycandakı Səfirliyi tviter hesabında 26 İyun - ölkəmizin Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir: "Qardaş Azərbaycanın Silahlı...

Bağla