İnsan (Adəm) xəlq edildiyi (yaradıldığı) ilk gündən Allah inancına sahibdir. Allah inancı onun hər bir zərrəsinə kodlanmışdır. Tarixin elə bir dövrü yoxdur ki, insan yaradıcı qüvvənin mövcudluğunu qəbul etməsin. İnsan hər zaman Yaradıcısını axtarmış, ilahi qüvvənin böyüklüyünü qəbul etmiş və bir qurtarıcıya (Allaha/Yaradana) iman etmişdir.
Allah insanları doğru yola yönəltmək üçün din göndərmişdir. İlahi təbiəti dinlər Allahın Rəsulları (peyğəmbərlər) tərəfindən insanlara öyrədilmişdir. Din o qədər önəmli bir faktordur ki, xüsusi mənada insanların, ümumi mənada cəmiyyətin gələcəyi ona bağlıdır. Heç şübhəsiz qədim dövrlərdə olduğu kimi, bu gün belə insanlar bir-birini dinlərinə görə qəbul və ya rədd edirlər. Bizi əhatə edən hər şeydə dinin xüsusiyyətlərini görə bilərik. Adət-ənənələrimizdən oyunlarımıza, ədəbiyyatımızdan abidələrimizə qədər hər yerdə dini cizgilərə raslamaq mümkündür. Yuxarıda qeyd etdiklərimizə istinad edərək deyə bilərik ki; “Din, insan həyatından aralı deyildir. Əksinə, insan həyatının mərkəzindədir”.
Din, kimliyimizi inşa edən əsas faktordan biridir. Söylədiklərimizi daha yaxşı dərk etmək üçün misallarla açıqlaya bilərik. Belə ki, millətlər işğala məruz qaldıqlarında dinlərinə möhkəm sarılarlar. Çünki o millətin mövcudiyyəti dinlərinin mövcudiyyətinə bağlıdır. Bilindiyi kimi uzun illərdir uyğurlar Çin zülmündən əziyyət çəkirlər. Uyğurlar dözülməz işgəncələrə məruz qaldıqları halda dinlərindən (İslamdan) əsla vaz keçmirlər. Mağaralarda və ya evlərin zirzəmilərində Qurani-Kərim oxuyur, əzbərləyir, gizlincə cümə namazı qılırlar. Yaşadıqları zülmə qarşı dinləri onların sarsılmaz qalasıdır. Yəni, din, uyğurların kimliyini təşkil edən əsas faktorlardan biridir. Dinin kimliyimizi təşkil edən əsas faktorlardan biri olduğuna bir neçə misal daha verə bilərik: Ömər Faiq Nemanzadə “Mən kiməm?!” adlı məqaləsində Rus işğalına məruz qalan Azərbaycan xalqından “sən kimsən?” deyə soruşulduğunda “Əlhəmdulillah, müsəlmanam!” cavabını verdiyini qeyd edər (Nemanzadə, Qardaş Köməyi, s. 8). Bunu üç rəngli bayrağımızda da görə bilərik. İncə və dərin mənaya sahib olan üç rəngli\ ay-ulduzlu bayrağımızda yer alan yaşıl rəng İslam dininə qulluq etdiyimizi göstərir. Bu da dinin kimliyimizi təşkil edən əsas faktorlardan biri olduğunu sübut edir.
Dindən uzaq insan məhvə məhkumdur. O, sadəcə özünü deyil, yaşadığı cəmiyyəti də uçuruma aparır. Din, insana yol göstərir. Cəmiyyət inşa etməyə, insanlar arasında yaxşılığı yaymağa təşviq edir. Din, eyni zamanda kimliyimizi təşkil edən predmetlərdən biridir. Bu sadəcə biz məxsus deyildir. Avropadan Asiyaya, Afrikadan Amerikaya qədər olan böyük bir coğrafiyada yaşayan hər kəsin kimliyinə az və ya çox din təsir etmişdir.
Murad Ağayev