Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarının nümayəndələri Ankarada işgüzar səfərdə olub

0

Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarının nümayəndələri Türkiyə Bələdiyyələr Birliyinin (TBB) dəvəti ilə Ankarada işgüzar səfərdə olub.

Proqramın ilk günü TBB xidmət binasında rəhbər heyət, departament və şöbə müdirlərinin iştirakı ilə görüş baş tutub.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Aqil Qurbanov, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorun müavini Səbuhi Abdullayev və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov başda olmaqla digər nümayəndələrin iştirak etdiyi səfərin əsas məqsədi Türkiyədə yerli idarəetmə institutunun fəaliyyəti ilə əlaqədar bələdiyyə institutunun öyrənilməsi, bələdiyyə orqanlarının strukturu və tabeli qurumların fəaliyyəti, bələdiyyə gəlirlərinin formalaşması və digər idarəetmə modellərinin tətbiqi ilə əlaqədar təcrübə mübadiləsi aparılmasından ibarət olub.

Qonaqları açılış nitqi ilə salamlayan TBB baş katibi Hayri Baraçlı Azərbaycanla “iki dövlət, bir millət” perspektivi ilə inkişaf edən qardaşlıq münasibətlərinin bütün dünyaya nümunə olduğunu xüsusi qeyd edib. Eləcə də iki ölkə arasında yerli özünüidarəetmə orqanlarının institusional strukturunun gücləndirilməsi və dayanıqlı şəhərlərin, kənd və qəsəbələrin yaradılması, idarəedilməsi istiqamətində əməkdaşlığın vacibliyini vurğulayıb.

Azərbaycan nümayəndə heyəti adından Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov, Qarabağ İqtisadi Rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Səbuhi Abdullayev çıxış edərək, Qarabağ və Zəngəzur bölgələrinin yenidən qurulması prosesində Türkiyənin dəstəyinin önəmindən bəhs edərək, müvafiq qurumların təcrübə mübadiləsinin vacib olduğuna diqqət çəkiblər.

İclasda “Türkiyədə Yerli İdarələr” adlı təqdimatla çıxış edən Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Hayrettin Güngör də bələdiyyənin təşkilati strukturu və gəlirləri haqqında nümayəndə heyətinə məlumat verib. İclas, tərəfləri maraqlandıran bir sıra mühüm məsələlərin müzakirəsi və çıxışlarla davam edib.

Nümayəndə heyəti Ankara Keçiörən Bələdiyyəsinin Binasında bələdiyyə sədri Turqut Altınokla da görüşüb. Görüş zamanı qədim və zəngin tarixə, mədəni irsə malik iki qardaş ölkənin bələdiyyə idarəçiliyi sahəsində də sıx əməkdaşlığı davam etdirmək zərurətindənsöz açıb. Daha sonra Ankara Keçiörən Bələdiyyəsinin Binasının önündəki Xocalı şəhidlərinin Xatirə Abidəsi ziyarət olunub.

2 gün davam edən işgüzar səfər çərçivəsində hər iki Xidmətin nümayəndə heyətini Ankara valisi Vasip Şahin qəbul edib. Görüşdə qurumların fəaliyyət istiqamətlərindən, həmçinin Qarabağ və Şərqi Zəngəzurda yüksək sürətlə davam edən bərpa, quruculuq işlərindən söz açılıb.

Mühüm görüşlərdən biri də Türkiyə Prezidentinin baş məsləhətçisi Şükrü Karatepe ilə baş tutub. Görüş zamanı iki dost, qardaş ölkənin işğaldan azad edilmiş ərazilərdə gələcək fəaliyyət istiqamətləri barədə də bir sıra fikirlər irəli sürülüb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İslam İnkişaf Bankı ilə Qarabağdakı layihələr üzrə əməkdaşlıq imkanları müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Türkiyə Regional Ofisinin direktoru Valid Məhəmməd Abdelvahab ilə görüşərək onunla işğaldan azad...

Bağla