Cəmiyyətdə kişi-qadın bərabərliyi, digər adı ilə gender bərabərliyi hər zaman müzakirə mövzusu olmuşdur. İslam dininin müqəddəs kitabı Qurani-Kərim ayələri çərçivəsində bu məsələyə baxsaq görərik ki, bir çox ayədə gender bərabərliyindən bəhs olunur, bir qisim ayələrdə isə həm kişinin, həm də qadının özünəməxsus üstünlükləri qeyd olunur.
Qurandakı “Axı, oğlan qız kimi deyil”[1] ifadəsi kişinin qadına üstünlüyünü ifadə etməz. Eləcə də “Allahın insanların bir qismini digərlərinə üstün etməsinə və öz mallarından (qadınlar üçün) sərf etdiklərinə görə, kişilər qadınların idarəçisi və himayədarlarıdır…”[2] ayəsində ifadə edilən kişinin qadına üstünlüyü isə nisbi bir məna kəsb edir. Belə ki, ayədə Quranın nazil olduğu dövrün şərtləri əsas alınaraq kişinin cəmiyyət içində işləyib ailəsini dolandırması və himayədarlıq etməsi daha real bir vəziyyət olduğu üçün ayədə bu şəkildə ifadə edilmişdir. Dövrün şəraitinə görə idarəçilik qabiliyyəti kişilərdə olduğu kimi digər bir çox işlərdə də qadınların üstünlükləri vardır. Məsələn qadınlar şəfqət və mərhəməti baxımından, övlad yetişdirmək və s. mövzularda kişilərə üstünlük təşkil edirlər. Buna görə də Uca Allah: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır…”[3] – buyuraraq insanların cinsiyyətindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq həqiqi üstünlüyün təqvada olduğunu xəbər verir.
Digər tərəfdən İslam dinində hörmət və ehtirama layiqlik baxımından qadın kişidən üstün tutulmuşdur. Səhabələrdən biri Həzrət Peyğəmbərə (s.ə.s): “İnsanlar içində yaxşılığa və hörmət göstərilməyə ən layiq olan kimdir?” – deyə soruşduqda, Peyğəmbərimiz (s.ə.s): “Anandır”, – deyə cavab vermişdir. “Ondan sonra kimdir?” – deyə arxa-arxaya üç dəfə sual verdiyi halda Peyğəmbərimiz (s.ə.s.) ona: “Anandır”, – demiş, dördüncü dəfə isə: “Atandır”, – buyurmuşdur.[4] “Cənnət anaların ayaqları altındadır”,[5] – mənasındakı hədisi-şərif də analıq vəzifəsinin atalıq vəzifəsindən daha üstün olduğunu göstərir.
Bir çox ayeyi-kərimədə Allah-Təala tərəfindən mömin kişi və qadınlara birlikdə xitab edilmişdir və onların öhdəliklərinin eyni olduğu vurğulanmışdır:
“Kişi, yaxud qadınlardan hər kim mömin olaraq yaxşı işlər görərsə, onlar cənnətə daxil olacaqlar. Onlara xurma çərdəyinin çuxuru qədər belə haqsızlıq edilməyəcək”.[6]
“Şübhəsiz, müsəlman, mömin, itaətkar, doğru sözlü, səbirli, təvazökar, sədəqə verən, oruc tutan, ayıb yerlərini (iffətlərini zinadan) qoruyan, Allahı çox zikr edən kişi və qadınlar üçün Allah bağışlanma və böyük bir mükafat hazırlamışdır”.[7]
Qadın və kişi iman, ibadət və öhdəliklər baxımından Uca Allahın hüzurunda tamamilə bərabərdirlər. Lakin bununla yanaşı fizioloji və hissi baxımdan kişi və qadının bir-birlərindən fərqli cəhətlərinin olduğu da məlum bir məsələdir. Bu fərqlilikləri ilə onlar bir-birlərini tamamlayırlar. Bunun kimi, onların arasında ictimai həyatda da vəzifə bölgüsü vardır. Buna görə də Qurani-Kərimdə məhz onların bu vəzifə bölgüləri xüsusilə qeyd olunmuşdur.
f.f.d. Ələddin Sultanov
[1] Ali İmran, 3/36.
[2] Nisa, 4/34.
[3] Hücürat, 49/13.
[4] Buxari, “Ədəb”, 2.
[5] Nəsai, “Cihad”, 12.
[6] Nisa, 4/124.
[7] Əhzab, 33/35.