İƏT-İN BAŞ KATİBİ İSVEÇ HAKİMİYYƏTİNƏ ETİRAZINI BİLDİRİB

0

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha İraqın Stokholmdakı səfirliyi qarşısında müqəddəs “Qurani-Kərim”in nüsxəsinin növbəti dəfə yandırılması ilə bağlı təxribat xarakterli təhqiramiz hərəkəti qəti şəkildə pisləyib. O, mənfur təhqir aktının qorxulu nəticələri ilə yanaşı, İsveç hakimiyyətinin belə aksiyalara icazə verməyə davam etməsindən dərin məyus olduğunu bildirib.

Baş katib İƏT İcraiyyə Komitəsinin iyulun 2-də keçirilən növbədənkənar iclasında dərc edilmiş Yekun Bəyannamənin məzmununu xatırladıb. O, belə təxribatların Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 19 və 20-ci maddələrinin ruhuna zidd olduğunu və Mülki, siyasi hüquqlar və fikir, ifadə azadlığı (ICC) çərçivəsində ədalətli sayıla bilməyəcəyini qeyd edib. Baş katib bəyan edib ki, ifadə və fikir azadlığı bu cür məsələlərdə beynəlxalq hüquqa əsasən məsuliyyət nəzərdə tutur, həmçinin ICC sənədi dini nifrət, dözümsüzlük və ayrı-seçkiliyə hər hansı təhrikləri açıq şəkildə qadağan edir. Təşkilatın rəhbəri Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının bu yaxınlarda qəbul etdiyi “Ayrı-seçkiliyə, düşmənçiliyə və ya zorakılığa təhrik edən dini nifrət təbliğatı ilə mübarizə” adlı qətnamənin məzmununu da xatırladıb.

İƏT-in Baş katibi beynəlxalq hüquq normalarına riayət edilməsinin vacibliyini vurğulayıb və bu cür ciddi təxribat xarakterli hərəkətlərin təkrarlanmaması üçün İsveç hakimiyyətini ekstremist qruplara və şəxslərə icazə verməyi dayandırmağa çağırıb. O, həmçinin İsveç hökumətini gərginliyin və gələcək nəticələrin qarşısını almaq üçün lazımi tədbirlər görməyə dəvət edib.

Sonda qeyd edilib ki, Hissein Brahim Taha İƏT İcraiyyə Komitəsinin iyulun 2-də keçirilmiş fövqəladə iclasında qəbul edilmiş Yekun Bəyannamənin icrası və bu cür təxribat xarakterli hərəkətlərin qarşısını almaq üçün gələcək tədbirlərin nəzərdən keçirilməsi ilə bağlı təşkilata üzv dövlətlərlə məsləhətləşmələr aparır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏL-ƏZHƏR: QURANIN YANDIRILMASI TERRORDUR, İSVEÇ BOYKOT EDİLMƏLİDİR

Misirdəki Əl-Əzhər qurumu İsveçin paytaxtı Stokholmdə Qurani-Kərimin yandırılmasını pisləyib və müsəlmanları İsveç mallarını boykot etməyə çağırıb. Qurum bu barədə sosial...

Bağla