ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən məscidlərdə səsgücləndiricilərdən azanın səslənməsinə qoyulan qadağa aradan qaldırılıb.
“Report”un ABŞ bürosu xəbər verir ki, Nyu-York şəhər administrasiyası bununla bağlə qərar qəbul edib.
Qərarda qeyd olunub ki, Nyu-Yorkda yaşayan müsəlman icmalarının tələblərini nəzərə alaraq ştatda cümə günləri və Ramazan ayında axşamlar səsgücləndiricilər ilə Azanın açıq şəkildə oxunmasına icazə verilir.
Şəhər meri Erik Adams müsəlman icmalarına müraciətində bildirib ki, müsəlmanlar ştatda inanclarını yaşamaqda azaddırlar və bunun üçün daha öncələr qadağan oluna Azan səsi hər cümə günü saat 12:30-13:30 arası eşidiləcək.
“Report”un əməkdaşı müsəlman məscidinin yerləşdiyi Nyu-York İslam Mərkəzi ziyarət edib. 22 ildir mərkəzdə yerləşən məsciddə çalışan Mali Respublikasından olan Muhammed Salim qərarın Nyu-York şəhərinin müsəlman icması üçün böyük qələbə olduğunu deyib: “Bu gün olduqca xoşbəxtik. Bütün gecəni yatmadım, səhər məscidə gələndə gözlərimə inanmadım. Məsciddə ayaq basmağa yer yox idi. Uzun illər öncə məscidin ətrafında yaşayan amerikalılar azan səsindən narahat olduqlarını əsas gətirərək şikayət etmiş və şəhər rəhbərliyi azan səsini qadağa qoymuşdu. Biz necə başqa dinlərə hörmət və sevgi ilə yanaşırıqsa, onlar da islam dininə eyni həssaslıqla göstərməlidirlər. Bu gün Amerikada yaşayan bütün müsəlmanlar sevinclidir. Artıq biz azan səsi ilə ibatədimizi edəcəyik. Bu, bizə ayrı-seçkilik qorxusu olmadan öz imanımızı tətbiq etməyə imkan verir”.
M.Salim şəhər meri E. Adamsın Nyu-York şəhərinin müsəlmanları üçün ciddi səylə çalışdığını, son illərdə şəhərdə məscidlərin və islami məktəblərin sayını artırmaq və müsəlmanların halal qida əldə etmələrini asanlaşdırmaq üçün addımlar atdığnı bildirib.