QMİ sədri Hindistanda keçirilən G20 dinlərarası forumda iştirak edib

0

5-6 sentyabr 2023-cü il tarixlərində Hindistanın Pune şəhərində G20 “Böyük İyirmiliyin” Dinlərarası forumu keçirilmişdir. Forumda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov təmsil ediblər.

Azərbaycan dövlətinin dinlər və mədəniyyətlər arası dialoqda oynadığı mühüm rol, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdəki qlobal təşəbbüsləri ölkəmizin “Böyük İyirmilik” kimi önəmli beynəlxalq platformada mütəmadi iştirakçı olmasına səbəb olmuşdur. Belə ki, G20 çərçivəsində Azərbaycan özünün multikulturalizm modelini beynəlxalq müstəvidə sülh içində birgəyaşayışın uğurlu örnəyi kimi təqdim etməkdə davam edir.

Azərbaycan indiyədək bir çox mühüm dialoq platformalarının təşəbbüskarı və təşkilatçısı kimi humanitar məsələlərin müzakirə olunduğu mərkəzə çevrilmişdir. Ötən ilin may ayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Qafqaz Müsəlmanları İdarəsinin həmtəşkilatçılığı ilə G20 Sammiti Dinlərarası Dialoq Forumunun regional ön iclasının Bakı şəhərində keçirilməsi təsadüfi deyil. Dünyanın tanınmış dini liderlərin, alimlərin və ictimai xadimlərin qatıldığı G20 dinlərarası forumları beynəlxalq gündəmdə olan aktual problemlərin, o cümlədən, iqlim dəyişikliyi, dinin siyasiləşdirilməsinə yol verilməməsi, dini liderlərin qlobal problemlərin həllində artan rolu, gənc nəslin formalaşması, miqrant və digər problemlərin həllində dinin mühüm rolunun müzakirə olunduğu dialoq platformasıdır.

Şeyxülislam Allahşükür Paşazadə forumun açılış plenar iclasında çıxış etmişdir. Pune Forumunun iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və Azərbaycan xalqının xeyir-dualarını çatdıran Şeyxülislam Forumun münaqişələrə, terrorizmə, zorakılığa, irqi və dini ayrıseçkiliyə son qoymağa çağırması, sülhü və əmin-amanlığı tərənnüm etməsi, bəşəri narahat edən qlobal ekoloji problemlərə diqqət ayırmasını təqdirəlayiq hal olaraq qiymətləndirmişdir. O, çıxışında demişdir: “Müqəddəs Qurani-Kərimdə buyurulur ki: «Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin» (Əraf, 56). Bugünkü Forumun əsas mövzuları olan iqlim dəyişikiliyi, ekosistemin pozulması, qida və su çatışmazlığı, müharibələr və nüvə təhdidi hər gün bəşəriyyəti, özəlliklə, gələcəyimiz olan uşaqların təbii insani hüquqlarını təhdid edir. Eyni zamanda insanlar arasında təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları müasir texnologiyalar və sosial media vasitəsilə bütün dünyada geniş şəbəkəli sistem olaraq, qlobal miqyasda müxtəlif ölkələrdə hərbi və soyqırım cinayətlərinə sövq edir.

Biz müharibə dəhşətlərini və fəlakətlərini yaşamışıq. 30 ilə yaxın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış Azərbaycan xalqı öz Prezidenti ətrafında sıx birləşərək beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və onun 4 qətnaməsinə əsaslanaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etdi. Biz bu gün işğal dövründə dağıdılmış milli, dini-mənəvi abidələrimizi bərpa edir, işğaldan azad edilmiş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri aparırıq. Qürur hissi ilə deyə bilərəm ki, təmsil etdiyim Azərbaycan tolerantlıq, multikulturalizm diyarı olaraq mədəniyyətlər arasında dialoq və səmərəli əməkdaşlıq imkanlarının yaradılmasında aparıcı və müsbət rol oynayır. Azərbaycanda din və məzhəb ayrıseçkiliyinə yol verilmədən bütün dini icmalar bərabər hüquqlarla təmin olunur, ibadət və ayinlərini sərbəst şəkildə icra edirlər. Bu, bizim dövlətimizin milli siyasəti və dini dəyərlərə olan ehtiramın göstəricisidir.”

Forum əsnasında Şeyxülislam Allahşükür Paşazadə yerli və xarici dini liderlər və ictimai xadimlərlə, o cümlədən, G20 dinlərarası forumun prezidenti Kol Durham, Amrita Vişva Vidyapitam dini təşkilatının ruhani lideri Svami Amritasvarupananda Puri, Vahid Qlobal Forumun sədri və Hindistan Milli Kongresinin milli katibi Dr. Dalbir Sinqx, Vasai Arxiyepiskopu Feliks Maçado və Pune Ümumdünya Sülh universitetinin təsisçisi professor Vişvanat Karad ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə qarşı tərəflərə Azərbaycan Respublikasının dinlərarası və sivilizasiyalararası dialoq sahəsində təşəbbüsləri, xalqımızın qədim multikulturalizm və tolerantlıq ənənələri, işğaldan azad olunmuş ərazilərimizdə erməni vandalizminə məruz qalmış, mənşəyi dəyişdirilmiş tarixi mədəni və dini abidələrimiz, Ermənistanın ərazilərimizdə apardığı mülki insanların qətlinə hədəflənmiş minalarla çirkləndirilmə və “yandırılmış torpaq” siyasəti, eləcə də hazırda həmin ərazilərdə ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bilavasitə rəhbərliyi altında aparılan bərpa və yenidənqurma layihələri haqqında geniş məlumat verilmişdir. Forumda iştirak edən dini liderlər qlobal proseslərdə din amilinin rolunun artmasını nəzərə alaraq gələn il Braziliyada təşkil olunacaq Forumda bu mövzuların daha geniş və dərindən müzakirə olunmasını qərarlaşdırdılar. Sentyabrın 7-də Forum öz işini başa vurdu.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TDT ölkələri nazirlərinin ikinci görüşü başa çatıb, bəyannamə imzalanıb

Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşü başa...

Bağla