QMİ sədri: “Dini simvolların və ziyarətgahların təhqir olunmasına etiraz etmək lazımdır”

0

Bəzi Avropa ölkələrində müsəlmanların müqəddəs kitabı olan Quranın təkrar-təkrar yandırılması tendensiyası çox ağır cinayətdir.

“Report”un Astanaya ezam olunmuş müxbirinin məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XXI sessiyasının iclasında söyləyib.

“Bu gün dünyanın böyük sarsıntılar yaşadığı bir dönəmdə insan həmrəyliyi ideyaları heç vaxt olmadığı qədər aktuallaşır. Həmişə olduğu kimi, danılmaz prioritet insan həyatının – Uca Yaradan tərəfindən bizə verilən bu müqəddəs dəyərin qorunmasıdır. Sivilizasiyalararası toqquşmalara təhrik etmək cəhdləri dünyanı böyük fəlakətlərin astanasına qoya bilər”, – din xadimi vurğulayıb.

Onun sözlərinə görə, bəzi Avropa ölkələrində müsəlmanların müqəddəs kitabı olan Quranın təkrar yandırılması tendensiyası çox ağır cinayətdir:

“BMT-nin İnsan Haqları Şurasının bu kimi hadisələrlə bağlı təcili iclas keçirməsi və bəzi Avropa ölkələrində Quranın yandırılması və təhqir olunmasını pisləməsi vəziyyətin ciddiliyinin faktiki olaraq etiraf edilməsinin göstəricisidir. Ona görə də BMT-nin bu il təşəbbüs edilən məsələnin xüsusi müzakirəsi təqdirəlayiqdir.

Söz azadlığı və demokratiya bəhanəsi ilə nifrət və qarşıdurmaya yol açan çıxış və hərəkətlərin qabaqlanması hər bir siyasi və dini liderin borcudur. Biz dini liderlər dindən siyasi məqsədlər üçün sui-istifadənin bütün forma və faktlarını, o cümlədən terrorçuluq təzahürlərini, nifrət çağırışlarını, ksenofobiyanı, habelə kilsələrdə, məscidlərdə, sinaqoqlarda və digər ibadət yerlərində dindarlara qarşı törədilən ekstremist hərəkətləri qəti şəkildə pisləməliyik. Dini rəmzlərin və ziyarətgahların təhqir olunması hallarına etiraz səsimizi ucaltmalıyıq”, – Allahşükür Paşazadə diqqətə çatdırıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Astanada Dünya və ənənəvi din liderlərin Qurultayının Katibliyinin iclası keçirilir

Oktyabrın 11-də Astanada Sülh və Harmoniya Sarayında Dünya və ənənəvi din liderlərin Qurultayının Katibliyinin XXI sessiyası öz işinə başlayıb. “Report”un...

Bağla