ÜMMƏT OLMA ŞÜURU

0

Ümmət sözü Ərəb əslli bir sözdür. Sözün lüğəvi mənası “bir anadan dünyaya gələn övladlar” deməkdir. Termin mənası isə Allaha və Həzrət Muhəmmədə (s.ə.v.) tabe olan, Həzrət Peyğəmbərin (s.ə.v.) yolundan gedən insanlara verilən addır. Necə ki, bir ananın övladlarına ümmət deyilirsə, Qurani-Kərim və Allahın Rəsulu Muhəmməd (s.ə.v.) ətrafında bir araya gələn və birləşən insanlara da ümmət deyilir. Bu mənası ilə ümmət, bütün müsəlmanları bir bayraq altında birləşdirən ümumi bir isimdir.

            Tarixin çox keşməkeşli dövrləri olmuşdur. Qüdsü ələ keçirmək və müsəlman torpaqlarını qarət etmək məqsədilə təşkil edilmiş xaçlı səfərləri, İslam torpaqlarını məhv edən monqol işğalları bu keşməkeşli dövlərdən sadəcə bir neçəsidir. Həm xaçlı səfərləri, həm də monqol axınları, həm sionizm bəlası, həm də İslam dünyasını vəba kimi əsarəti altına alan alan kommunizm bəlası ciddi fəsadlar törətmişdir. Bu fəsadların bir neçəsini aşağıdakı kimi sıralaya bilərik:

  1. Müsəlmanları bir-birindən fərqli qrup və ya dəstələr parçaladı.
  2. İslam dünyasında intellektual, sosial və iqtisadi cəhətdən qopuqluq yaratdı.
  3. Müsəlmanların birləşməsinə süni maneələr törətdi.
  4. Müsəlmanların yüksəliş dövrünü dayandırdı və durğunluq dövrünün başlamasına səbəb oldu.
  5. Yer üzündə İslamafobiyanın (İslam qorxusu) çoxalmasına səbəb oldu.

Bəs bu problemlər qarşısında biz nə etməliyik? Necə bir yol izləməliyik? Hər iki sualın tək bir cavabı vardır: Ümmət şüuruna sahib olmaq. İslamı və Rəsulullahın (s.ə.v.) sünnəsini doğru yaşayan və Həzrət Muhəmmədin (s.ə.v.) bayrağı altında birləşən hər kəs bir amal üçün birgə hərəkət edər. Vaxtı ilə Bədr döyüşündə müsəlmanlardan təşkil edilən 313 nəfərlik dəstə 1000 nəfərlik müşrik ordusuna qalib gəlmişdir. Bədr döyüşü ümmət şüurunun nə olduğunu açıqlayan ən gözəl misaldır. Belə ki, müsəlmanların döyüşdən əvvəl ərazi seçimini doğru etmələri, düşmənin əlinə keçməməsi üçün su quyularını doldurmaları, Həzrət Muhəmmədin (s.ə.v.) dediklərinə qeyd-şərtsiz əməl etmələri zəfər qapılarını müsəlmanlar üçün açmışdır. Təəssüf ki, bir müddət sonra müsəlmanlar ümmət şüurunu itirdilər. Beləliklə parçalanıb yox olmağa üz tutdular.

Dünyada heç bir şey təsadüfi deyildir. Aldığımız nəfəsdən etdiyimiz hər bir hərəkətə qədər hər bir şeyin özünəməxsus qanuna uyğunluğu vardır. Yəni hər bir şey böyük bir rəsmin hissələridir. Müsəlmanlar da belədir. Birgə hərəkət etdiklərində ümmətdirlər. Tək-tək hərəkət etdikdə isə ümmət anlayışından bəhs etmək mümkünsüzdür. Bu gün müsəlmanların yaşadıqları sözlərimizi təsdiqləyir. Bir çox dövlət (qruplar/dəstələr) ümmət şüurunun zəifliyindən məharətlə istifadə edir. Məsələn, Çin, uyğurların birgə yaşadıqları Sincan-Uyğur bölgəsində etnik və dini təmizləmə siyasəti həyata keçirir. Çin zülmünə məruz qalan uyğurlar dinlərini və sosial həyatlarını itirmə təhlükəsi ilə üz-üzədir. Eyni şəkildə Qəzza zolağında yaşayan fələstinlilər (müsəlmanlar) İsrail rejminin ağır hücumlarına məruz qalırlar. Xəstəxanalar, ibadət mərkəzləri (məscidlər, kilsələr), məktəblər və yaşayış məntəqələri ağır artilleriya atəşləri nəticəsində yerlə yeksan olub. Bir çox insan dağıntılar altında qalaraq həlak olmuş, bir o qədər insan da yaralanmışdır. Bu gün Qəzzada insanlıq tragediyası yaşanır. Eyni şəkildə Arakan və digər bölgələrdə yaşayan müsəlmanlar da zülmə məruz qalırlar.

Yuxarıda bəhs etdiyimiz sıxıntılar qarşısında müsəlmanlar din qardaşlarına kömək etməkdən yoxsun haldadır. Bu mövzuda ciddi addım ata bilmirlər. Məhz bu prespektivdən mövzunu dəyərləndirdikdə ümmət şüurunun nə qədər önəmli olduğu qarşımıza çıxır. Ümmət şüuruna sahib olmaq təlatümlü vəziyyətlərdən ən az itkilərlə qurtulmağa imkan verir. Eyni zamanda irqindən, dilindən, etnik və milli kimliyindən aslı olmadan hər kəsi bir bayraq altında birləşdirir.

Azərbaycan mədəniyyətində yerləşən bir çox atalar sözləri və məsəllər İslamın ruhu ilə həmahəng olmuşdur. Bir çox atalar sözlərində ümmət şüurunun təzahürlərini görə bilərik. Bunlara misal olaraq aşağıdakıları göstərə bilərik:

  • Tək əldən səs çıxmaz.
  • Birlik harda, dirlik orda.
  • El bir olsa dağ oynadar yerindən.
  • Çox qarışqa bir şiri öldürər.
  • Baş-başa verməyincə daş yerindən qalxmaz.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanın səhiyyə naziri İstanbulda həmkarları ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

İstanbul şəhərində keçirilən “IX Türk Tibb Dünyası Qurultayı” çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyənin səhiyyə naziri Fahrettin Koca, Şimali...

Bağla