BAKIDAKI ŞAH ABBAS MƏSCİDİ ƏSASLI TƏMİR OLUNUB, MİNARƏ TİKİLİB

0

Prezident İlham Əliyevin tapşırığı ilə Bakının Keşlə qəsəbəsində yerləşən və XVII əsrə aid Şah Abbas məscidində əsaslı təmir-bərpa işləri aparılıb, minarə qoyulub, ətraf ərazilər abadlaşdırılıb.

“Report” xəbər verir ki, qəsəbə sakinləri Şah Abbas məscidinin uzun müddət təmirsiz qalması və minarənin olmaması ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər. Müraciətlə əlaqədar Prezidentin tapşırığına əsasən qısa müddət ərzində məscidin əsaslı təmiri və bərpası, yeni minarənin tikintisi ilə bağlı layihə hazırlanaraq razılaşdırılıb və müvafiq işlərə başlanılıb.

Layihəyə uyğun olaraq Şah Abbas məscidinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən müayinəsi aparılıb, mühəndis-müayinəsi və texniki vəziyyəti haqqında rəy verilib. Rəyə uyğun olaraq konstruksiya layihəsi hazırlanıb.

Bünövrədə möhkəmləndirmə, binada isə mövcud mikroçatların aradan qaldrılması məqsədilə ineksiya işləri aparılıb. Möhkəmləndirmə işləri aparılarkən binanın ilkin tarixi görünüşünün qorunub saxlanılmasına xüsusi diqqət yetirilib, əlavə olaraq atmosfer təsirlərinə məruz qalmış fasad üzlük daşları bərpa olunub və yenilənib.

Məscidin daxilində sonradan görülmüş suvaq işləri sökülüb, məscidin tikintisi zamanı istifadə olunmuş daxili üzlük daşları bərpa olunaraq tarixi görünüşünə qaytarılıb.

Məscidin günbəz örtüyü dəyişdirilərək yenisi ilə əvəzlənib, binanın memarlıq üslubuna uyğun olaraq hündürlüyü 20 metr olan yeni minarə inşa edilib. Həyətdə yerləşən istifadəyə yararsız köməkçi tikili sökülərək 525 kvadratmetr sahədə yenidən inşa edilib.

Burada imam üçün otaq, ehsan zalı (80 yerlik), əlavə ibadət zalı (70 nəfərlik), kişi və qadınların dəstəmaz alması üçün otaqlar, mətbəx, anbar, qazanxana və təsərrüfat otaqları nəzərdə tutulub.

Məscidin həyətinə daxil olmaq üçün iki ədəd giriş qapısı və ümumi memarlıq üslubunu tamamlayan 52 metr uzunluğunda dekorativ hasar inşa edilib.

Eyni zamanda, məscidinin ətraf ərazilərində, Kamran Əfkari və Məşədi Hilal Kazımov küçələrində abadlıq-quruculuq və təmir işləri aparılıb, küçələr boyunca səkilər, hasarlar, iaşə və xidmət obyektlərinin və yaşayış evlərinin fasadları, bəzi evlərin yararsız dam örtükləri yenilənib, yaxın məhəllələrə asfalt örtüyü vurulub, kommunikasiya xətləri təmir təmir edilib, küçə işıqları sistemi yenidən qurulub, yaşıllıqlar salınıb, çoxlu sayda yeni ağaclar, bəzək kolu və güllər əkilib.

Həmçinin, Keşlə Şəhidlər Xiyabanında təmir işləri görülüb, yeni Bulaq Kompleksi inşa edilərək istirahət guşəsi yaradılıb.

İşlər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilib.

Qeyd edək ki, məscid Şah Abbasın göstərişi ilə XVII əsrdə əhəng daşı ilə Abşeron məscidlərinə xas formada inşa edilib, sahəsi 139 m2 (11.8×11.8), ümumi ərazisi 1300 m2 (0.13 ha), yerli əhəmiyyətli memarlıq abidəsidir və dövlət tərəfindər qorunur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN-TÜRKİYƏ BİRGƏ TAKTİKİ TƏLİMLƏRİNİN PLANI AÇIQLANIB

Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunan "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimində icra olunan fəaliyyətlər planı məlum...

Bağla