Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqlarla bağlı əhaliyə müraciət edib.
Nazirlikdən “Report”a verilən xəbərə görə, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə və dəfələrlə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, yenə də uşaqların təhlükəsizliyinə biganəlik hallarına rast gəlinir.
Belə ki, yalnız ötən on gün ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında həyata keçirilmiş operativ əməliyyatlar sayəsində Nazirliyin xilasediciləri tərəfindən köməksiz və təhlükəli vəziyyətdə olan 33 uşaq xilas edilib.
“Aparılan təhlillər balacaların sağlamlığını və həyatını təhlükə altına alan bu kimi halların yaranmasının səbəbinin əksər hallarda onların nəzarətsiz qalması olduğunu göstərir.
Mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, habelə azyaşlıların liftdə, həyətdə, küçədə və digər məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırırıq”, – müraciətdə qeyd edilib.