I SƏLİB YÜRÜŞÜ

0

1095-ci ildə Papa II Urban Fransanın Klermon şəhərində müqəddəs torpaqların (Qüdsün) düşmən işğalından azad edilməsi üçün xristian dövlətlərinə səslənmişdir. Papanın bu çıxışı Avropada böyük əks-sədaya səbəb olmuşdur. Qısa müddət ərzində yerli xalqın nümayəndələrindən formalaşan fanatik xristian kütlələri 1096-cı ilin may ayında keşiş Pyer və Valterin başçılığı ilə şərqə səfər etmişdir. Macarıstan və Bizans imperiyasının ərazisindən keçərək Kiçik Asiya yarımadasına daxil olan səlibçilər Anadolu Səlcuqlu dövlətinin hərbi qüvvələri tərəfindən İzmir şəhəri yaxınlığında məhv edilmişdir.

            Bu hadisədən qısa müddət sonra 1096-cı ilin oktyabr ayında Bulonlu Qodfridin rəhbərliyi ilə birinci səlib yürüşü başlamışdır. İlk səfərdən fərqli olaraq I Səlib yürüşündə xalq deyil, döyüş taktikalarında mütəxəssisləşmiş cəngavərlər və əsilzadələr yer almışdır. Səlibçilər Bizans imperiyasının torpaqlarından keçərək Anadoluya daxil olmuş, qısa müddət ərzində İznik şəhərini (Anadolu Səlcuqlu dövlətinin ilk paytaxtıdır) mühasirəyə alaraq 15 iyun 1097-ci ildə işğal etmişdir. Səlibçilər yollarına davam edərək sıra ilə əvvəlcə Urfa şəhərini (fevral-mart 1098-ci il) daha sonra isə Antakyanı (24 iyun 1098-ci il) işğal edərək ilk xaçlı şəhər dövlətlərini qurmuşdur (Karaca, 2022, 27). Bunlar Urfa Qraflığı, Tripoli Qraflığı və Antakya Knyazlığıdır.

Bulonlu Qodfridin rəhbərliyindəki səlibçilər əsl hədəflərinə doğru hərəkət etməyə davam edilər. Qüdsə qədər keçdikləri yol boyu bütün şəhərləri və kəndləri qarət etdilər və müsəlmanları öldürdülər. Çox keçmədən Qüdsün xəndəklərinə çatan səlibçilər şəhəri mühasirəyə aldılar. Qüds ətrafında müsəlmanlarla səlib qüvvələri arasında 8 iyul 1099-cu ildə başlayan müharibə 15 iyula qədər davam etdi. Nəhayət Qüds, 15 iyul 1099-ci ildə sübh çağı səlib qüvvələri tərəfindən işğal edildi (Karaca, 2022, 53).

I Səlib yürüşü əsnasında müsəlman dünyası parçalanmış vəziyyətdə idi. Böyük Səlcuqlu dövlətinin zəyifləməsindən istifadə edən şəhər dövlətləri müstəqilliklərini elan etmişdilər. Misirdə isə Fatimi dövləti əvvəlki qüdrətini itirmişdi. Belə bir vəziyyətdə şərqə səfər edən səlibçilər ciddi müqavimətlə qarılaşmadan Qüdsü işğal etdilər. I Səlib yürüşü 1096-1099-cu illəri əhatə edir. Bu yürüş nəticəsində Qüds mərkəzli “Qüds Xaçlı dövləti” quruldu və bu günki Livan, Fələstin və İordaniyanın bir qismini 88 il idarə edərək müsəlmanlara ağır günlər yaşatdılar. Qüds 2 oktyabr 1187-ci ildə Səlahəddin Əyyubi tərəfindən azad edilənədək səlibçilərin əlində qalmışdır. Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKIDA İƏT ƏMƏK NAZİRLƏRİ KONFRANSININ NAZİRLƏR SESSİYASI KEÇİRİLİR

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası keçirilir. Tədbir “Qurani-Kərim”dən ayələrin oxunması ilə...

Bağla