İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə İslam İnkişaf Bankı (IDB) arasında Azərbaycanda halal ekosistemin inkişafı ilə bağlı əməkdaşlıq genişləndiriləcək.
Dövlət Xidməti xəbər verir ki, bu məsələ tərəflər arasında keçirilmiş görüşdə müzakirə edilib.
İki qurumun nümayəndələri halal ekosistemin inkişafında təcrübə mübadiləsinə dair müzakirələr aparıb. Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli keyfiyyət infrastrukturu sahəsində görülən tədbirlər, həmçinin “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində aparılan işlər barədə məlumat verib. Ölkədə halal keyfiyyət infrastrukturunun inkişafı məqsədilə Dövlət Xidmətinin həyata keçirdiyi tədbirlər xüsusi vurğulanıb.
IDB-nin ölkə əməliyyatları üzrə meneceri Fərid Xan keyfiyyət infrastrukturunun gücləndirilməsi istiqamətində atılan addımların təqdirəlayiq olduğunu bildirib.