İSLAM MƏDƏNİYYƏTİ DƏRSİ NƏ ÜÇÜN ÖNƏMLİDİR?

0

Mədəniyyət nə üçün önəmlidir? Bu sualın bir çox cavabı vardır. Əslində mədəniyyət termininə hansı nöqtei-nəzərdən baxırıqsa, o, bu sualın cavabıdır. Fərqli inkişaf mərhələlərindən keçən insanlar miras aldıqları mədəniyyəti inkişaf etdirərək xələflərinə təslim etmişlər. Məhz bunu əsas alaraq mədəniyyət məhfumunun sələf-xələf münasibətlərinə əsasən inkişaf etdiyini və mədəniyyətin beynəlmiləl olduğunu ifadə edə bilərik.

            İslam mədəniyyəti bəşər mədəniyyətinin ayrılmaz bir hissəsidir. XV əsrlik keçmişə sahib olan İslam mədəniyyətinin yadsınacaq bir tərəfi yoxdur və dünya elm, əxlaq və bəşəri münasibətlər tarixinə böyük töhvələr bəxş etmişdir. Qərbli və şərqli məkrli şərqşünasların iddia etdiyi kimi İslam mədəniyyəti cılız da deyildir. O, bütün komponentləri ilə birgə özündən əvvəl aldığı mədəniyyəti inkişaf etdirərək sonrakı nəsillərə ötürən bir sivilzasiyadır.

            Bu gün İslam aləmi öz mədəniyyətindən çox uzaqdır. Bunda həm müsəlmanların, həm də müstəmləkə keçmişlərinin payı vardır. Şahid olduğumuz hadisələr, müsəlmanlara qarşı edilən cinayətlər, İslamofobinin sürətlə yayılması İslam mədəniyyətini öyrənməyə olan ehtiyacı daha da artırır. İsmayıl Raci əl-Faruqiyə görə müsəlman ölkələrində universitet səviyyəsində (bakalavr) dörd illik məcburi İslam mədəniyyəti dərsi tədris edilməlidir. Müxtəlif ixtisaslarda təhsil alan hər bir tələbə İslam mədəniyyəti dərsini mütləq oxumalıdır. Unutmayaq ki, İslam mədəniyyəti hər bir müsəlmanın kimliyini təşkil edən ünsürlərdən biridir. İnsanın düşüncəsinin formalaşmasından adət-ənənələrinə, cəmiyyət daxilindəki mədəni əlaqələrdən vətən təsəvvürünə qədər hər bir sahədə İslam mədəniyyətinin izlərini görmək mümkündür. İslam mədəniyyətini bilən şəxs öz keçmişini yaxşı biləcəkdir. Tarixindən dərs alaraq səhvlərini təhlil edəcək və məsələlərə obyetkiv baxacaqdır. İnsanlarla səmimi münasibətlər quraraq irqçilik başda olmaqla cəmiyyəti bölən və insanlar arasında çaxnaşma yaradan nifrət dolu sözlərdən və davranışlardan uzaqlaşacaqdır. Həmçinin başqalarını özü kimi biləcək və onları müdafiə etmək üçün səy göstərəcəkdir. Bir sözlə İslam mədəniyyəti dərsi alan insan öndər şəxsiyyət olacaq və cəmiyyətin inkişafı üçün çalışacaqdır (əl-Faruqi, 2016: 34-35).

            Əl-Faruqiyə görə dörd illik İslam mədəniyyəti dərsinin içindəkilər hissəsi xülasə ilə belə olmalıdır: Birinci il, tələbələrə İslam mədəniyyətinin əsas predmetləri haqqında məlumat verilməlidir. İkinci il, İslam mədəniyyətinin əsas predmetlərinin zaman və məkan ölçüsündə təzahürü kimi İslam mədəniyyətinin tarixi nailiyyətləri öyrədilməlidir. Üçüncü il, İslam mədəniyyətini digər sivilzasiyalardan fərqi tədris edilməlidir. Dördüncü il isə dəlilləndirilərək İslam mədəniyyətinin bugünkü dünyada müsəlman və qeyri-müsəlmanların problemlərini həll edə biləcək tək sistem olduğu öyrədilməlidir (əl-Faruqi, 2016: 35).

            Unutmayaq ki, İslam mədəniyyəti heç kəsin şəxsi istifadəsində deyildir. Eyni zamanda İslam mədəniyyəti sadəcə bu sahənin mütəxəssislərinin çalışma obyekti də deyildir. İslam mədəniyyəti, bəşəriyyətin ortaq dəyəridir. Bu mədəniyyət, insanları “ruhban” (dini) və “ruhban olmayan” (dünyəvi) iki fərqli hissəyə ayırmır (əl-Faruqi, 2016: 36-37) və ya insanları qütbləşdirmir. Əksinə bəşəriyyəti həqiqətin hamı tərəfindən öyrənilməsi və tətbiq edilməsi üçün təşfiq edir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Prezident seçkilərinin qardaş Azərbaycan üçün xeyirli olmasını arzulayırıq”

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycandakı növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə Azərbaycan xalqını təbrik...

Bağla