Hər bir hadisənin Allah tərəfindən müəyyən edilmiş bir sonluğu, baş tutma vaxtı, və yeri var. Quranda Rəbbimiz belə deyir: “Onlar o kəslərdir ki, əgər onlara yer üzündə hakimiyyət versək, namaz qılar, zəkat verər, yaxşılığı əmr edər və pislikdən çəkindirərlər. Bütün işlərin sonu Allaha aiddir” (Hacc 41). Zalımların, murdar insanların aqibətinin birmənalı şəkildə pis olacağı Quranda xəbər verilir (Nəml 14). Bunun əksinə təqva əhlinin (Allahdan çəkinənlərin), yaxşılıq edənlərin aqibəti isə yaxşı olacaqdır (Hud 49).
Quranda Fironun tanrılıq iddia edəcək dərəcədə yoldan azdığı bildirilir. Fironun son nəfəsdəki halı isə onun acizliyini göstərirdi. O, ölüm anında acizliyini etiraf edərək canını (mələklərə təhvil) verdi (Yunus 90). Bəzi təkəbbürlü, fəsad çıxaran qövmlərin ehtişamlı, israf dolu, təkəbbürlü həyat tərzləri ilə, bir müddət keçdikdən sonra həlak olma halları (Fəcr 6-14) müqayisə edilərsə, deyə bilərik ki, insanların və ümumilikdə cəmiyyətlərin aqibətləri sabit olmadığı kimi, öncədən təxmin edilməsi də çətindir.
Quranda Allah, Bəlam ibn Baura adlı bir adam haqqında çox ibrətli ayələr nazil etmişdir. “Onlara, ayələrimizi verdiyimiz halda onlardan imtina edən kimsənin xəbərini də oxu. Beləliklə şeytan onu özünə tabe etmiş və o da haqq yoldan azanlardan olmuşdu. Əgər Biz istəsəydik, onlarla (həmin ayələrlə) onu ucaldardıq. Lakin o, dünyaya meyl etdi və öz nəfsinin arzularına uydu. Onun halı bir köpəyin halına bənzəyir; üstünə cumsan da ləhləyər, qoyub getsən də ləhləyər. Bu, ayələrimizi yalanlayan qövmün halıdır. Hadisələri (onlara) nəql et ki, bəlkə, onlar düşünüb təfəkkür edərlər” (Əraf 175, 176). Bəlam ibn Bauranın vəziyyətində olan insanların misalı ayədə açıqlandığı kimi “ləhləyən köpəyə” bənzəyir. Tarix boyunca, özlərinə elm, mal-mülk, hakimiyyət verilən o qədər insan var ki, aqibətləri bərbad olmuşdur.
Şərəf və izzət, insan ruhunun zinətləri və bəzəyi sayılır. Bu zinətlər Allahın əlindədir və onları dilədiyinə bəxş edir. Quranda Rəbbimiz belə buyurur: “O kəs ki, izzət istəyir bilsin ki, izzətin hamısı Allaha məxsusdur” (Fatir 10). Bir hədisində Peyğəmbər əleyhissalam əfəndimiz: “Bil ki, möminin şərəfi gecələri ibadətə qalxmasında, izzəti isə insanlara möhtac olmamasındadır” (Hakim, Müstədrək 3289). Möminin şərəf və izzət qazanmasının iki yolunu açıqlayan bu hədisə görə, bir insan gecə ibadətlərinə qalxaraq Rəbbi ilə xüsusi yaxınlıq qazanarsa şərəflənər. İnsanlara bağlanmadan yaşayarsa, yəni səadəti insanlarda və onların əlindəkilərdə axtarmazsa izzəti artar. Gündə beş dəfə fərz namazları qılarkən ən az 17 dəfə, vitr və sünnətləri də qılarsaq, 40 dəfə Allahdan şərəf və izzət istəyirik. Çünki, “fatihə” surəsində oxuduğumuz “təkcə sənə ibadət edirik” və “təkcə səndən mədəd umuruq” ayələri bizə şərəf və izzətin kimdən gəldiyini öyrədir. “Fatihə” surəsini hər dəfə oxuduğumuzda ruhumuza sonsuz xeyir və bərəkət cəlb edərkən, Allahdan şərəf və izzət də istəyirik.
İzzət qazanarkən təkəbbürlük tələsinə düşməmək ayrı bir məharət tələb edir. Öz-özünə kifayət edən insan olmaq, başqasına yük olmamaq deməkdir. İnsanların xeyir işlərində bir-birinə kömək etməsi və yaxud başqalarının hədiyyələrini, xeyirxahlığını, ehsanını qəbul etməsi izzətlərini əksiltməz. Əsl məsələ, tamahkar olmamaq, həsəd aparmamaq, nankorluq etməmək, Allahın qədərinə qarşı gəlməməkdir. Rəbbimizin buyurduğu, “Onlara sınaq üçün dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma!”[1] ayəsində başqalarına verilən şeylərə tamahkarlıq gözü ilə baxmamaq əmr edilib. Mal-dövlət, elm və bilik, güc və qüdrət qazanaraq xeyir sahibi olmaq, başqalarına əl açmadan izzətli yaşamaq üçün dünyanı tanıyaraq ona aldanmadan sahib olmaq lazımdır.
[1] Taha 131
Rəşad Manafov