Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

0

Türkiyə Böyük Millət Məclisinin Müdafiə komissiyasının sədri, keçmiş milli müdafiə naziri Hulusi Akar Ankarada ABŞ Konqresi Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə komitəsinin sədri Mayk Rogersin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib.

Bunu H.Akar jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ABŞ konqresmenlərini Türkiyənin normallaşma prosesindəki rolu və Ankaranın bu istiqamətdə atdığı addımlar barədə məlumatlandırıb: “Bildirdik ki, Ermənistan uzadılan sülh əlini tutmalıdır. Müzakirəmiz konstruktiv mühitdə keçdi. Qarşı tərəf də öz mövqeyini bildirdi. Müzakirələrin davamlı olması barədə razılığa gəldik”.

H.Akarın sözlərinə görə, tərəflər həmçinin F-16 qırıcı təyyarələrinin Türkiyəyə tədarükü barədə danışıblar: “Bu məsələdə problem yoxdur. Lazımi razılıqlar əldə olunub. Xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə bu barədə danışır. Proses davam edir”.

Komissiya sədri bildirib ki, ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşdə terrora qarşı mübarizə barədə də danışıblar: “PKK və YPG kimi terror təşkilatlarının mövcudluğu ilə bağlı narahatlığımızı bildirdik. Terrora qarşı birgə mübarizə aparmağımızın labüdlüyü qeyd olundu”.

Qeyd edək ki, ABŞ Konqresi Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə komitəsinin sədri Mayk Rogersin rəhbərlik etdiyi heyəti Türkiyədə səfərdədir. Heyətə konqresmenlər Adam Smit, Saluda Karbajal və Veronika Eskobar daxildir.

ABŞ təmsilçiləri H.Akarla yanaşı Türkiyənin milli müdafiə naziri Yaşar Güler, xarici işlər naziri Hakan Fidanla da görüşüblər.

ABŞ nümayəndələri bu gün Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Təşkilatı) rəhbəri İbrahim Kalınla da görüşəcəklər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ANKARADA AZƏRBAYCAN EVİ AÇILIB

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyində Azərbaycan Evi açılıb. "Report"un Ankara bürosunun xəbərinə görə, Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə...

Bağla