Artıq Ramazan ayının iki həftəsini geridə qoyduq. Ramazan ayı insanın özünü tapmaq üçün çalışdığı, həqiqət axtarışında olduğu, insan olmağın incəliklərini kəşf etdiyi bir aydır. Müsəlmanlar bu ayda bir çox pis vərdişlərini yaxşıları ilə əvəz edirlər. Məsələn, yalanı doğruluqla əvəz edir, insanları incitmək yerinə onlara əl uzadır, müsəlman qardaşlığını təcəssüm etdirəcək əməllərdə bir-biri ilə yarışırlar. Təəsüüf ki, müsəlmanlar arasında yaxşı əməllərin ömrü az olur. Ramazan ayının bitməsi ilə xoş hərəkətlərdə ciddi azalma müşahidə edilir. Biz müsəlmanlar yaxşılığın sabitqədəm olması üçün nə (və ya nələr) etməliyik?
Zənnimizcə, Ramazan ayında hər bir müsəlman özünə “nə qədər səbrliyəm?” deyə sual ünvanlamalıdır. Səbr bir çox gözəl əməlin başıdır. Heç şübhəsiz səbr mövzusunda Allah Təalanın Qurani-Kərimdə bəyan etdikləri və Həzrət Muhəmmədin (s.ə.v.) buyurduqları çox önəmlidir. Əgər müqəddəs kitabımızda səbrlə bağlı bir sıra ayələr yer alırsa, deməli, bəni Adəm səbr mövzusunda çətinliklər çəkir. Deməli, müsəlmanların səbr mövzusunda təmkinli olmaları lazımdır. Səbr düşünməyə, səbrsizlik isə şiddət və qorxuya qapı açır. Əgər bir müsəlman səbr edərsə çətinliklər qarşısında soyuqqanlı olar və eşitdiyi hər xəbəri əvvəlcə ağıl süzgəcindən keçirər. Beləliklə həm insanın özü, həm də cəmiyyət yanlış informasiyadan təmizlənər, həm də xoşbəxtliyin qapısı açılar. Cəmiyyətin dinamikləri müsəlmanların xeyrinə dəyişməyə başlayar. Ancaq insan səbrsizlik edərsə bir çox müsibətin çoxalmasına vəsilə olar.
Ramazan ayı bağışlanma ayıdır. Müsəlmanlar özlərini islah etmək üçün Allahın qoyduğu qaydalara əməl etməlidir. Ramazanın ruhu Allahın əmrlərinə uyduqda gözəl və mənalı olar. Allah heç bir zaman insanların pisliyini istəmir. Əksinə cəmiyyətin daha gözəl olması üçün təyin etdiyi qaydalara əməl edilməsinin önəmini vurğulayır. Ramazan ayı bizim üçün bir fürsətdir. Bu fürsəti əldən verməməliyik. Ramazanın ruhunu yansıtan səbr bir çox gözəlliklərin açarıdır. Sizcə, xoşbəxtliyin sirri səbrdə gizli deyilmi?