“Türkiyədə Azərbaycanın milli-mədəniyyəti, dili, tarixi geniş təbliğ olunacaq”

0

Azərbaycanın Türkiyədəki səfirliyi nəzdində yeni fəaliyyətə başlayan Mədəniyyət Mərkəzi ölkəmizin milli-mədəniyyəti, tarixi, dilimizin təbliği istiqamətində çox böyük layihələr planlaşdırır.

Bu barədə “Report”un Ankara bürosuna Mərkəzə yeni direktor təyin olunan Samir Abbasov bildirib.

Mərkəzin yaradılması ilə bağlı 6 oktyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamını xatırladan Samir Abbasov sənəddə də bütün bu məsələlərin qeyd olunduğunu vurğulayıb:

“Qarşıda bizi çox böyük işlər gözləyir. Əlbəttə, Türkiyə ilə Azərbaycanın qardaşlığı çox yüksək səviyyədə hər iki ölkə liderlərinin timsalında əks olunur. Əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə qədər yüksəldən Şuşa Bəyannaməsi kimi tarixi müqavilə də bunun təsdiqidir. Bu baxımdan Azərbaycanın Türkiyədəki Səfirliyi nəzdində yaradılan Mədəniyyət Mərkəzi mədəniyyət və incəsənət sahələrində dövlətlərimiz arasında bu dostluğu, qardaşlığı daha da inkişaf etdirəcək, önəmli addımların atılmasına xidmət edəcək. Qarşıdakı layihələrimizdə biz də milli mədəniyyətimizin təbliği, xalq diplomatiyası, qardaş türk xalqlarının bir-birini daha da yaxından tanıması, Azərbaycanın tarixini, dilini, mənəvi dəyərlərini Türkiyədə, ölkənin regionlarında daha yaxından tanıdılması istiqamətində kompleks fəaliyyət həyata keçirməyi planlaşdırırıq”.

S.Abbasov deyib ki, bu işlərin reallaşması üçün Türkiyədə yaşayan azərbaycanlı ziyalıların, elm adamlarının, incəsənət və mətbuat nümayəndələrinin də dəstəyinə ehtiyac var: “Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafında irəli sürülən bütün təklifləri nəzərdən keçirib, dəyərləndirməyə hazırıq”.

Qeyd edək ki, S.Abbasov bundan əvvəl Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq

Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlayaraq həyata keçirəcək....

Bağla