Dürüst olmaq özü ilə sözü bir olub hiylə və ikiüzlülükdən uzaq, ərdəmli davranışlar nümayiş etdirməkdir. Dürüstlük insani dəyərləri çürüməmiş hər cəmiyyət və mədəniyyətlərdə “kişilik nişanəsi” olmuşdur. Bu baxımdan şəxsiyyət dilinin bu amili də qlobal bir dəyərdir.
Səqafi qəbiləsindən Süfyan bin Abdullah -radiyallahu anh- nəql edir:
Bir gün Peyğəmbərimizə dedim ki:
“-Ey Allahın Rəsulu! İslamiyyət haqqında mənə elə bir nəsihət ver ki, sizdən sonra artıq kimsədən heç bir şey soruşmağa ehtiyacım qalmasın.” Hz. Peyğəmbər mənə baxıb belə buyurdu:
“-Allaha inandım de, sonra da dosdoğru ol.”
Cəmiyyətdə hörmət görən, sözünə və işinə etimad edilən kimsələrin demək olar ki, hər birində dürüstlükdən mütləq bir nəsib vardır. Çünki bu təməl güc insana ərdəm qazandıran bir çox xarakter və davranışın meydana gəlməsinin və inkişafının mənbəyidir. Qurani-Kərimdə bu amilin digər gözəlliklərin meydana gəlməsinə təsiri belə ifadə edilir:
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar…” (Əhzab surəsi, 70-71)
Dürüstlüyün ilk göstəricisi sözdə doğruluqdur. Doğru danışma həssasiyyəti şəxsiyyətimizə dürüstlük peyvəndi vurmaqdır. Digər bir ifadə ilə desək, sözdəki doğruluq insan mənəviyyatına və davranışa dürüstlük keyfiyyəti qazandırar və şəxsiyyət dilini təsirli edər. Bu həqiqət Peyğəmbərimiz -sallallahu aleyhi və səlləm- tərəfindən də belə ifadə edilir:
“Sizə doğruluğu və dürüstlüyü tövsiyə edirəm. Çünki doğruluq insanı ləyaqətli bir həyata aparar. Belə yaxşılıq və gözəlliklərlə dolu bir həyat da insanı cənnətə qovuşdurar. Hər kim doğru sözlü olmaqda iradəli olarsa, Allah dərgahında işində və sözündə dosdoğru insan, yəni “siddiq” deyə yazılar. Yalandan da uzaq durun. Çünki yalan pisliyə, pislik isə cəhənnəmə aparar. İnsan yalan danışdıqca və yalanın arxasınca getdikcə Allah dərgahında yalançı yazılar.”
Sözə yalan qatmaq şəxsiyyəti çürüdəcək, solduracaq və onu dəyərsiz edəcək zəhərli bir mikrobun vücuda girməsinə qapı açmaqdır. Rəbbani tərbiyə ölçülərinə görə mənəviyyatın sağlamlığı doğru sözlü olmağa bağlanmış və belə buyurulmuşdur:
“İnsanın qəlbi doğru olmadıqca, imanı doğru olmaz. Dili doğru olmadıqca da qəlbi doğru olmaz.”
Zarafatla olsa belə yalan söz söyləmək dağıdıcı və təxribatçı təsir yaradır. Abdullah bin Amr -radiyallahu anh- nəql edir:
Bir gün Peyğəmbərimiz bizə qonaq gəlmişdi. Anam məni yatırmaq üçün:
“-Oğlum bura gəl, sənə bir şey verəcəm”, -deyə çağırdı. Peyğəmbərimiz anamdan soruşdu:
“-Uşağa nə vermək istədin?” Anam:
“-Xurma vermək istədim”, -dedi. Bundan sonra Peyğəmbərimiz:
“-Əgər bir şey verməsəydin (uşağı aldatmış sayılardın), sənə bir yalan danışma günahı yazılardı”, -deyə xəbərdarlıq etdi.
İslam dünya görüşü və mədəniyyəti etibarlılığın ən mühüm ölçüsünün doğruluq olduğunu mənimsəmişdir. Atını tutmaq üçün onu boş bir torba ilə aldadan insanın rəvayət etdiyi hədisi-şərif qəbul edilməmişdir. Çünki belə bir insanda şəxsiyyət nöqsanlığı görülmüş və etimad xüsusunda həmin şəxs qeyri-kafi qiymət almışdır.
Quran və Sünnədə yalançılıq münafiqlərə; sədaqət və dürüstlük isə möminlərə nisbət edilmişdir. Dürüstlüyün dini ədəbiyyatda ümumi adı “istiqamət”dir. İstiqamət kəlməsi həm sözdə, həm batində, həm də əməl və davranışda dosdoğru olmağı ifadə edər ki, bu, daimi bir fərzdir. Yəni hər zaman riayət edilməsi vacib olan ilahi bir əmrdir.
Dürüstlük özünə inamın zahirə əks etməsidir. Bəlkə də belə demək daha doğru olar: Özünə inam dürüstlüyü, dürüstlük özünə inamı bəsləyir.
Etibarlı bir insan olmanın, hörmətli bir şəxsiyyətin və vüqarlı olmanın zəminində dürüstlük vardır. Belə bir təməldən məhrum xarakter üzərində sağlam bir şəxsiyyət inşası qeyri-mümkündür.
Dürüstlük yönü əskik olan bir şəxsiyyət dili təsirli deyildir. Belələri təsirli bir lider, tərbiyyəçi, dost və ağsaqqal ola bilməzlər. Digər bir ifadə ilə “kişi” ola bilməzlər.
Dürütlüyün şəxsiyyətə yerləşməsində sözdə doğruluq mühüm olduğu kimi, müamilə dediyimiz işdə və münasibətlərdə dürüst davranmaq da son dərəcə əhəmiyyətlidir.
Əbu Hüreyrə -radiyallahu anh- belə nəql edir:
“Peyğəmbərimiz bir gün buğda bazarına getmişdi. Mübarək əlini buğda ilə dolu qaba saldı. Barmaqları islandı. Buğda satandan soruşdu:
“-Bu nədir?” Satıcı:
“-Onu yağış islatdı, ey Allahın Rəsulu”, -dedikdə, Peyğəmbərimiz:
“İnsanların görməsi üçün o yaş tərəfini üstə qoysan olmazdı? Bizi aldadan bizdən deyildir”, -buyurdu.”
Dürüstlük şəxsi münasibətlərdən sosial münasibətlərə, ticari və peşə fəaliyyətlərindən ictimai vəzifələrə qədər həyatın bütün sahələrini əhatə edən və mütləq riayət edilməli olan bir ərdəmdir. Unutmamaq lazımdır ki, işçi-işəgötürən, amir-məmur, xidmət edilən-xidmət edən, müştəri-satıcı, dost, yoldaş və qonşular bir-birilərinə güvənməsələr, belə bir cəmiyyətdə rifah və xoşbəxtlik axtarmaq sadəlövhlük olar.
Bu gün müasirliyin əxlaqın aktuallığını ortadan qaldırması nəticəsində yalan mükafata layiq bir mövqeyə sahib oldu. Fırıldaqçılığa gözüaçıqlıq deyildiyi, rüşvət almayanlara axmaq gözüylə baxıldığı bir cəmiyyət çürümüş bir cəmiyyətdir. Bu vəziyyət sosioloqları düşündürməlidir.
ŞƏXSİYYƏT DİLİ, ADEM ERGÜL.
İPƏKYOLU NƏŞRİYYATI.