Çətinliklərlə böyütdüyü övladının toyunu görməyi ən böyük arzusu hesab edən hər bir valideyn “bircə övladımın toyunu görsəydim, ölsəm də dərdim olmazdı” deyir.
Bəs övladının toyunu görən valideynlərə toydan sonra nə olur, nə baş verir? Gəlinin ailəsi “qızına gətirilən xonçalardan”, bəyin valideynləri isə cehizi zəif olan, ya da ev işlərini hələ yaxşı bacarmayan gənc bir qızdan şikayətlər başlayır. Və qısa zamanda şikayət mövzuları genişləndikcə genişlənir, nəticədə yenicə bir araya gəlmiş iki gəncin arasında uçurumlar yaranır. Toyun mükəmməl keçməsi üçün əlindən gələni edən valideynlər təəssüf ki, övladlarının xoşbəxtliyi üçün bu fədakarlıqları göstərmirlər. Əksinə fərqli eqolar sərgiləyib, gənclərdən çox tələblər irəli sürürlər.
Bir ailə dağılarkən “Arşın sütünları titrəyir” buyuraraq Peyğəmbərimiz (s.ə.s.), ailə birliyinin, xoşbəxtliyinin ciddiliyini vurğulayır. Boşanmaların səbəbini araşdırdığımız zaman ciddi səbəblərlə yanaşı, əsassız səbəblərlə də qarşılaşırıq. Təbii ki, ortada ciddi səbəblər varsa, evliliyi davam etdirmək üçün heç bir çıxış yolu tapılmırsa ayrılmaq qanunlarımıza və dinimizə əsasən mümkündür. Boşanma baş verən ailələrə nəzər salsaq 50% -dən çox boşanma halları evliliyin ilk ilində baş verir. Bunun əsas səbəbi isə bir-birini hələ yaxşı tanımayan gənclərin hisslərinə, düşüncələrinə, qərarlarına kənardan müdaxilələrdir. Kənar dediyimiz yəni iki gəncin arasına daxil olan üçüncü şəxsdir ki, bu da əksər vaxt qayınana, qayınata, baldız və s. qohumlar olur. Onlar özlərini kənar saymayıb, ailəyə hər cür müdaxiləyə haqlı sayırlar. Lakin iki insan arasında olan evlilik münasibətləri yalnız onlara aiddir. Onların arasında baş verənlərə isə heç kim müdaxilə etməməlidir. İki nəfərin asanlıqla həll edə biləcəyi problemə üçüncü şəxs qatılarsa, problem həll olunmaz həddə çata bilər ki, əksər hallarda da bu belə olur.
Yaxın bir dostumuzun ailəsində müşahidə etdiyim bir hal məni çox narahat etdi və kədərləndirdi. Belə ki, həyat yoldaşı üçün yemək bişirməyə hazırlaşan gənc xanım bunun üçün hər gün öz anasından məsləhətlər alır, nə bişirəcəyini anası ona söyləyir. Yoldaşı isə onun bu hərəkətindən haqlı olaraq narazı olur. Çünki onun istəyini, fikrini almadan anası hansı yeməyi məsləhət bilərsə onu bişirən xanım təbii ki, yoldaşı ilə ciddi problemlər yaşayır. Bu mövzu tək yeməklə kifayətlənməyib, bütün mövzularda eyni hal yaşanır. Günü gündən artan narazılıqlar bu ailəni ayrılıq həddinə gətirib çıxarır təəssüflər olsun.
Həll etməkdə, qərar verməkdə çətinlik çəkən gənclər böyüklərinə müraciət edərək, məsləhətinə qulaq asmalı, fikirlərini dinləməlidir, əlbəttə. Lakin hər atılan addımın hesabatını verməyə məcbur edələn gənclərə sərbəst düşünmə və qərar qəbul etmə haqqı da tanınmalıdır. Bu gənclər doğruları ilə, yanlışları ilə həyatda özlərinə yer taparaq, ailə başçısı kimi yetişə bilsinlər deyə. Çünki valideynlər gün gəlir ki, həyatda olmurlar o zaman yetişmə fürsəti verilməmiş gənclər özlərini idarə edə bilməyib, çətinliklər qarşısında aciz qalırlar. Heç bir ailə məsuliyyəti də dərk etmədikləri üçün asanlıqla ailələrini tərk edə bilirlər. Ailələrini dolandıra bilmədikləri zaman, təlabatlarını ödəməkdə çətinlik çəkən çox insanlar çıxış yolunu ayrılmaqda görürlər. Hər kəs öz başının çarəsinə baxsın deyib üz çevirənləri siz də az tanımırsınız hər halda. Çünki bu problem çox aktualdır hazırda. Çətinliyə tab gətirməyib öz eqoları ilə hərəkət edən ailə başçıları ortada qalan övladlarını da düşünmürlər. Öz həyatlarını darmadağın edənlər övladlarının gələcəklərini, bütün həyatlarını məhv etməklə başqalarının da bədbəxtliyinə səbəb olurlar. Bu cür ailələrdə böyüyən uşaqlar təəssüf ki, əksər hallarda ailə dəyərlərini, məsuliyyətini dərk etmədən valideynlərinin etdiyi səhvləri asanlıqla təkrarlayırlar. Səbəbini isə hər birimiz çox gözəl bilirik.
Təbii ki, bütün boşanmaların səbəbi valideynlər deyil. Amma Azərbaycan reallığında bu problem daha aktualdır. Valideynlərin həddən artıq qayğı göstərməsi, maraqlanması mütləq tərəflərdən birinin narazılığına səbəb olur. Hazırda yeni ailə həyatına qədəm qoymuş gənclər toy məkanından tutmuş, yeni evlərinin hazırlanmasına, bazarlıqlarının edilməsinə qədər bütün işlər valideynlərə həvalə edilir. Sonra isə görülən hazırlıqlardan, alınanlardan razı olmayan gənclər ilk xoşagəlməz söz-söhbətlərini yaşamağa başlayırlar. Ən gözəli isə gənclər gücləri nəyə çatırsa əl birliyi ilə bütün işlərini etsələr inanın qurulan ailənin, evin, əşyaların, ən önəmlisi isə bir-birilərinin qədrini daha çox anlayıb, dərk edərlər. Çünki zəhmətlə qurulan yuvalar, uzunömürlü və xoşbəxt olar.
Əziz valideynlər, evləndikdən sonra durmadan olunan nəsihətləri övladlarınıza toy etmədən əvvəl edin, öz təcrübələrinizi, ailə adətlərinizi deyin, lakin evləndikdən sonra gənclərə fürsət verin ki, bir-birinə alışıb, bağlansınlar. Yıxılsınlar, dursunlar, əzilsinlər, əziyyət çəksinlər. Bununla onlar ailənin nə olduğunu daha gözəl dərk edərlər. Bundan sonra onların həll edə bilməyəcəkləri, öhdəsindən gəlməyəcəkləri problemləri qalmaz.
Gülnarə Seyidova