QMİ SƏDRİ LİVİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ İLƏ GÖRÜŞÜB

0

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Liviya Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserlə görüşüb.

Qonağı səmimi salamlayan Şeyxülislam həzrətləri qarşıdan gələn Qurban bayramı münasibəti ilə təbriklərini, xoş arzularını Liviya Dövlətinin rəhbərliyinə və xalqına yetirməyi səfirdən xahiş edib. Müqəddəs bayramın bütün müsəlman aləminə sülh, əmin-amanlıq və rifah gətirməsi üçün dualar etdiyini diqqətə çatdırıb.

QMİ sədri A.Paşazadə iki dost ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək qeyd edib ki, Azərbaycanla Liviyanın beynəlxalq müstəvidə bir çox məsələlərdə eyni mövqedən çıxış etməsi bu münasibətlərin möhkəm dayaqlara söykəndiyinin göstəricisidir. Şeyxülislam həzrətləri öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra ölkəmizdə həyata keçirilən böyük layihələr, bərpa olunan dini və mədəniyyət abidələr barədə səfirə ətraflı məlumat verib.

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə söyləyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının  Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi dövlətimizdəki davamlı sabitliyin, dayanıqlı iqtisadi inkişafın daha bir mühüm bir nümayişi olacaq.

Xoş qarşılanmaya görə minnətdarlığını bildirən Liviya Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naser ölkəmizdə çalışmaqdan və xalqımızın qazandığı uğurları görməkdən məmnunluq duyduğunu bildirib. Səfir Şuşaya və işğaldan azad olunan digər ərazilərə səfərləri zamanı həyata keçirilən genişmiqyaslı işləri heyranlıqla izlədiyini qeyd edib.

Diplomat ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da möhkəmlənməsi üçün səy göstərdiyini, müxtəlif, o cümlədən dini sahədə əlaqələrin güclənməsinə töhfə vermək istəyində olduğunu bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda xatirə fotosu çəkdirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSRAİL QƏZZA ZOLAĞINA ZƏRBƏ ENDİRİB, 15 FƏLƏSTİNLİ ÖLÜB

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının mərkəzi və cənub hissələrinə endirdiyi zərbələr nəticəsində azı 15 nəfər ölüb. TASS xəbər verir ki,...

Bağla