Fransa Ermənistandan istifadə edərək Qafqazı qarışdırmaq, bölgədə hegemonluq siyasəti yürütməklə özünü məhvə aparır.
Bu fikirləri “Report”un Ankara bürosuna Türkiyənin Geosiyasi Proqnozlaşdırma İnstitutunun rəhbəri, ehtiyatda olan general-mayor Güray Alpar bildirib.
Hərbi ekspert deyib ki, illərdir ermənilərdən istifadə edərək Qafqazda söz sahibi olmağı qarşısına məqsəd qoyan Fransanın Ermənsitanla müdafiə əlaqələrini gücləndirməsi həm də silah satışı məqsədi daşıyır: “Fransanın müdafiə naziri Sebastyan Lekornunun erməni həmkarı ilə görüşündən sonra Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə müqavilə imzalandığı barədə məlumat açıqlandı. Fransa istehsalı olan bu silah sırf hücum məqsədləri üçündür. Lekornu “Biz Ermənistanla müdafiə əlaqələrimizi gücləndirməyə davam edirik” deməklə, əslində, iki qonşu ölkəni bir-birinə qarşı qoyaraq Fransaya pul qazandırmaq marağı güdür”.
Fransanın 1600-cü illərdən etibarən ermənilərə qarşı “onların məzhəblərini dəyişdirib özünə bağlamaq” siyasətinin olduğunu xatırladan ekspert qeyd edib ki, bu ölkə Ermənistanı öz müstəmləkəsinə çevirmək cəhdlərindən əl çəkməyib: “Fransa 1604-cü ildə yenilənmiş kapitulyasiyalar vasitəsilə erməniləri məzhəblərini dəyişməyə məcbur etdi. XIX və XX əsrin əvvəllərində öz coğrafiyalarında üsyana təşviqlə onlardan öz imperiya maraqları üçün istifadə etdi. Məhz Fransa hökuməti I Dünya Müharibəsi zamanı və ondan sonra ermənilərdən istifadə məqsədi ilə “Şərq İttifaqı”, daha sonra 1919-cu ildə “Erməni legionu” adı altında ermənilərdən ibarət ittifaq yaradıb. Zaman göstərdi ki, Fransa heç vaxt bu mövqeyindən əl çəkməyib. O, ATƏT-in keçmiş Minsk Qrupunun həmsədri kimi regional münaqişələri dəstəkləyib, neytrallıq bir yana qalsın, Qarabağı işğal etmiş Ermənistanın yanında olub. Bundan başqa, Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, 2020-ci ildə öz senatında Azərbaycan ərazisi sayılan Dağlıq Qarabağdakı işğalçı və qondarma “Dağlıq Qarabağ” hökumətinin tanınması barədə qərar qəbul edib. Bu qərara Fransanın Azərbaycan xalqını qırğına məruz qoyan işğalçı Ermənistan administrasiyasına yardım etməsi, eləcə də qırğın cinayətlərinə məhəl qoymaması daxildir”.
Güray Alparın fikrincə, Qafqaz regionuna yenidən müdaxilə üçün zəmin hazırlayan Fransanın coğrafiyası, tarixi, iqtisadiyyatı, bir sözlə, bütün geosiyasi faktlar bunu deməyə əsas verir ki, bu ölkə Ermənistanı ağır silahlarla təmin etməkdənsə öz ətrafı ilə barışıq siyasətini gücləndirməlidir.
“Fransanın keçmişi dünya müstəmləkəçilik tarixində qırğınlar, zülmlər və qaranlıq səhifələrlə doludur, hələ də Sakit okeanda Yeni Kaledoniya xalqının etirazı ilə qarşılaşmaqdadır. Fransaya qarşı təzyiqlər artarkən, eləcə də bir çox Afrika ölkəsində Fransanın bəzi bölgələrdəki iqtisadi vəziyyəti və siyasi maraqlarını həyata keçirmək üçün yardım adı altında insanları bir-birinə qarşı qoymaq siyasətlərindən əl çəkmirlər.
Cənubi Qafqazda sülh və sabitlik çox vacibdir. Öz xalqına sülh və təhlükəsizliyi təmin etmək üçün Ermənistana silah yox, daha çox sülhə yönəlmiş və regionun reallıqlarına uyğun geosiyasi fəaliyyətlər lazımdır. Bu baxımdan, fransız siyasətçilərin hiyləgər və məsuliyyətsiz addımı, ilk növbədə, öz ölkəsini məhvə aparacaq. Çünki doğruya zaval yoxdur. Qafqazdakı orta və uzunmüddətli perspektivdə regional sülh və inkişafa açıq-aşkar ziyan vurmaqla, görünür, Fransa bumeranqın özünə yönələcəyinin fərqində deyil”, – general vurğulayıb.