Dini fəaliyyətin təşkili sahəsində ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 8 dekabr 2023-cü il tarixli müvafiq qərarı ilə “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında yaradılmış Kollecin loqosunun müəyyənləşməsi üçün 27 may 2024-cü il tarixində müsabiqə elan edilib.
Bu məqsədlə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Zaur Orucovdan ibarət komissiya təşkil edilib.
Loqo müsabiqəsi ilə əlaqədar keçirilən iclasda loqo nümunələri komissiya üzvlərinə təqdim edilib və müzakirələr aparılıb.
Qeyd edək ki, müsabiqəyə 15 müəllif tərəfindən 22 loqo nümunəsi təqdim edilib. Elan edilən parametrlər üzrə qiymətləndirmədən sonra, Bəhruz Əliyevin təqdim etdiyi loqo nümunəsinin Bakı İlahiyyat Kollecinin məqsəd və məramını daha yaxşı əks etdirməsi müəyyən olunub. Belə ki, loqonun sağ və sol hissəsində əks olunan günbəzlər insanlar arasında həmrəyliyi, kitab elmin əsas qaynağını, səkkiz güşəli ulduz Azərbaycanın dövlət bayrağında və gerbində istifadə olunan simvolu ifadə edir. Qədim və tarixi simvol olan Qız Qalasının təsviri isə kollecin Bakıda yerləşməsi ilə əlaqədardır.
Loqo müsabiqəsində fərdi qaydada iştirak edərək qalib seçilən Bəhruz Əliyev mükafatlandırılıb.