QURAN, HƏYAT QURANDIR

0

     Ağır gəlirsə yaşam,

     Qurana sığınacaqsan, paşam!

Bir həyat düşün ki, bütün dəyərlərdən uzaq yaşanır. Bir cəmiyyət xəyal et ki, utanmaq nədir bilmir orda insanlar. Utanmadan yaşanan həyatda bütün çirkinliklər normal qarşılanır cəmiyyət tərəfindən. Qardaş qardaşı aldadır alış-veriş edərkən. Gənclər boş oturacaqlarda oturduğu halda qocalar ayaqda qalır avtobusun qapıları arasında. Analar öz körpələrini ya bətnlərində öldürürür dünyaya gəlməmiş ya da dünyaya gəldikdən sonra küçələrdəki zibilliklərə tərk edir. Oğul atasının mülkünə sahib olmaq üçün baltanın altında ikiyə ayırır atasının başını. Bazardan üç kiloqram adına aldığın soğan evdəki tərəzidə iki kiloqram görsənir. Bir loğma çörək tapa bilməyib acından ölən insanları görməməzlikdən gəlir hər gün yemək hesabına minlərlə manat xərcləyənlər. İnsanlar arasında bərabərlik yoxa çıxıb, güclülər zəifləri öldürüb yaşamalıdır prinsipi ilə yaşanır həyat.

Bəli bütün bunlardan, bütün bu pisliklərdən qurtulmağın yeganə yolu vardır ki, o da Allah Təalanın biz bəndələrinə göndərdiyi Qurani-Kərimin qoyduğu qaydalara uyğun yaşamağımızdır. İllərlə bizlərdən uzaq tutulub divarlardan asılan o müqəddəs kitabla aramızdakı məsafələri qısaltmalıyıq əvvəlcə. Yoxsa nə onun bizə, nə də bizim özümüzə heç bir faydamız olmayacaqdır. Belə davam etsə qəbiristanlıqda oxununan sadəcə bir xoş səda olaraq qalacaq qulaqlaımızda Quran. Onu da oxuyan gözəl qiraətlə oxumuşsa.

Ən gözəl həyat onunla qurulan həyatdır. Əsl xoşbəxtlik onun əmrlərinə uyub həyatı ona görə şəkilləndirməkdir.  Zamanı ən gözəl dəyərləndirmək hər gün ona zaman ayırmaqdır. Onun ucsuz-bucaqsız hikmət dəryalarına baş vurmaqdır ən böyük kəşflər. Onunla yaşamaqdır ən sevgiliyə vüslətin yolu. Gediləcək ən doğru ünvana onda gizlənmiş yol xəritəsindən istifadə etməklə getmək mümkündür.

 Quran bizə bir çox peyğəmbərləri anladır. Peyğəmbərlər qissələrinə fərqli surələrdə fərqli rakurslardan baxır və bizim də o fərqləri görməyimizi istəyir. Qurani-Kərimi ilk dəfə oxuyanlar orada təkrarları görür, ayələrin bir çoxunun təkrar olduğunu düşünür. Amma bu belə deyil. Təkrar kimi görünən ayələr əslində fərqli mesajlar verir. Fərqli hadisələrə işıq salır, bir çox problemin həllini açıqlayır. Həyatda rast gələcəyimiz elə bir problem yoxdur ki, onun həllini Quranda görməyək. “Qurana baxan deyil, həyata Quranla baxan nəsillər” yetişdirməyənədək problemlərimiz həll olunmayacaq.

 Nuh qövmü kimi tuğyan əhli ilə eyni zamanı, eyni dövranı, eyni məmləkəti paylaşdığında – quruda gəmi tikəcəksən.

 Lut qövmünün problemlərini gördünmü – onlardan Allaha sığınacaq, onların etdiklərindən uzaq olacaqsan. Gec və ya tez kütləvi həlaklarına da şahid olacaqsan.

 Sənə bir xəstəlik yoluxdumu – Eyyub olacaqsan. Dilini zikrdən uzaq tutmayacaqsan. Şeytanın vəsvəsəsini duyunca isə Allaha pənah aparacaqsan. Biləcək və inanacaqsan ki, Allaha tamamilə təslim olduqdan sonra dərdinə dərman olan su ayaqlarının altından fışqıracaq.

Zəkəriyyə kimi övlad həsrəti ilə yandıqda – səni heç bir zaman darda qoymayan, dualarını geri çevirməyən Allaha yönələcəksən. Övlad deyil, Onun dinini yaşayacaq vəli istəyəcəksən. Sənin üçün deyil, ümmət üçün yalvaracaqsan. Duaları qəbul edən Allah da duanı geri çevirməyəcək. Hər zaman yaşayacaq (Yəhya) bir övladla müjdələnəcəksən.

 Quyuda da, zindanda da Yusif olacaqsan. Nə dünyaya, nə də Züleyxalara uyacaqsan. Elə bir “köynəyə” sahib olacaqsan ki, günahsızlığının ən böyük dəlili olacaq. Ləkəli geyimlərdən, səni ləkələyəcək həyatdan uzaq yaşayacaqsan. Bu “köynək” sənin üçün ağlayaraq kor olan gözlərə belə məlhəm olacaq.

Davudla, Süleyman kimi bir səltənətin olunca – Süleymana qalmayan dünyanın sənə də qalmayacağını bilərək yaşayacaqsan. Nə quşların dilini bilmək, nə küləyə sahib olmaq, nə cinləri idarə etmək səni əbədi etməyəcək. Olsa-olsa imtahanını artıracaq, məsuliyyətini çoxaldacaq. Ədalətlə iqtidarda olmağı onlardan öyrənəcək, bir qarışqanı belə əzməkdən çəkinəcəksən.

Onu bil ki, Quranın əsl məqsədini unudaraq onun missiyasını dəyişmək zülmdür. İnsanın edə biləcəyi ən böyük yanlışdır. İçində yazılanları həyatında bircə dəfə açıb oxuyan, oxuduğunu anlayan heç kimsə onu ölü üçün oxumaz. Çünki bütün əmrlər ya dirilər üçündür, ya da ölü qəlbləri diriltmək üçün. İnsanın yaşaması, yeyib-içməsi, gəzib-dolaşması onun diri olmasına dəlil sayılmamalıdır. Çünki diri olmaq düşünmək deməkdir. Quran düşünənlər üçündür.

Allah Təalanın buyurduğu kimi: 

“Bu mübarək kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik”. (Sad, 38/29)

Eldar KƏRİMOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
VƏZİFƏSİNİ YERİNƏ YETİRƏN QURTULDU  

İslamda fərdi qurtuluş ictimai qurtuluşdan əvvəl gəlir. Yəni hər kəs ilk növbədə Allahın əzabından qurtulub rizasına qovuşmağın yolunu tapmalıdır. Proriteti ...

Bağla