“Diri Baba” türbəsinin abadlaşdırılması ilə bağlı gələcək planlar açıqlanıb

0

Qobustan rayonundakı “Diri Baba” türbəsi bərpa ediləcək və ətrafı abadlaşdırılacaq.

Bu barədə Dövlət Turizm Agentliyi xəbər verir.

Məlumata görə, görüləcək işlər çərçivəsində ərazidə arxeoloji qazıntılar aparılacaq, abidəyə qalxan pilləkan, qəbirstanlıq ətrafındakı məhəccər, abidə qarşısında beton sahə, piyada yolu, abidənin üst hissəsində metal hasar, giriş hissədəki şlaqbaum təmir ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ilin avqustun 12-də Qobustan rayonunda “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olmuşdu. Yenidənqurma işləri çərçivəsində ərazidə bulaq, qurbangah və söhbətgah tikilib, meydan döşəməsi yenilənib, türbəyə qalxan pilləkənlər yenidən üzlənib, ərazi abadlaşdırılaraq oturacaqlar quraşdırılmışdı. Eyni zamanda, türbədə gecə işıqlandırılması təmin edilib, kommunikasiya xətləri qurulub və yenilənib. Bununla bərabər, sel sularını axıdan kanal bərpa olunub, türbə kompleksinin ətrafı çəpərlənib, həmçinin 20 yerlik avtodayanacaq tikilmişdi.

XV əsrə aid və abidənin ayrılmaz tərkib hissəsi olan tarixi qəbiristanlığın ərazisində 40 qəbir tədqiq edilib və annotasiyası hazırlanmışdı. Qəbiristanlığın ərazisi abadlaşdırılıb, burada şeyxlərdən birinin türbəsi aşkar edilərək arxeoloji işlər aparılmışdı. Abidənin ətrafındakı 8 mağara tədqiq olunub, onlardan bir neçəsi turistlərin ziyarət edə bilməsi üçün təmizlənərək hazır vəziyyətə gətirilib. Bu abidənin daş kitabəsi tədqiq edilərək rəqəmsal surəti çıxarılmışdı.

Xatırladaq ki, Bakı-Şamaxı magistral yolunun 1,5 kilometrliyində yerləşən, 1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə tikilən “Diri Baba” türbəsi dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli memarlıq abidəsidir. Sufi şeyxlərindən birinin şərəfinə tikilən türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. İkimərtəbəli türbə, yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağara və kaha, həmçinin üzbəüz orta əsrlərə aid qəbiristanlıq və qədim türbə qalıqları birlikdə vahid bir kompleks əmələ gətirir.

Türbə Azərbaycanın şimal-qərb turizm dəhlizində birinci vacib dayanacaq kimi, il ərzində xeyli sayda turist qəbul edir. Ərazidə turizm imkanlarının yaradılması yerli kiçik sahibkarlığın və icma əsaslı turizm dəyər zəncirinin formalaşmasına, bölgənin digər turizm əhəmiyyətli abidələrinin turizm potensialından istifadəyə və regional turizm klastrının yaranmasına töhfə verəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSRAİL QƏZZADAN MÜVƏQQƏTİ ÇIXMAQ ÜÇÜN ŞƏRT İRƏLİ SÜRÜB

İsrail Müdafiə Qüvvələri HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı sövdələşmənin birinci mərhələsinin başlaması üçün Qəzza zolağından müvəqqəti çıxa...

Bağla