İƏT CAMMU VƏ KƏŞMİRLƏ BAĞLI BƏYANAT YAYIB

0

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Hindistanın qeyri-qanuni işğal etdiyi Cammu və Kəşmirin xüsusi statusunun birtərəfli qaydada ləğvinin beşinci ili ilə bağlı bəyanat yayıb.

Bu barədə qurumdan bildirilib.

Qurum 2019-cu il avqustun 5-də və ya ondan sonra görülmüş bütün qeyri-qanuni və birtərəfli tədbirlərin ləğvi ilə bağlı çağırış edib.

Qeyd olunub ki, Baş katiblik Kəşmir xalqının öz müqəddəratını təyinetmə hüququnun təmin olunmasında onunla həmrəydir.

Bundan əlavə, İƏT beynəlxalq ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Cammu və Kəşmir mübahisəsinin həlli üçün səyləri artırmağa çağırır.

Xatırladaq ki, 2019-cu il avqustun 5-də Hindistan rəhbərliyi Cammu və Kəşmir əyalətinin xüsusi statusunu ləğv etdikdən və bu əraziyə Dehlidən birbaşa nəzarət tətbiq etdikdən sonra Hindistan və Pakistan arasında münasibətlər kəskinləşib.

Buna cavab olaraq Pakistan hökuməti Hindistanla diplomatik əlaqələrin aşağı səviyyəyə endirilməsini və bu ölkə ilə ikitərəfli ticarətin dayandırılmasına qərar verib. Həmçinin eyni dövrdə Pakistan hakimiyyəti Hindistanla qatar və avtobus əlaqəsini kəsib.

Öz növbəsində Hindistan Baş naziri Narendra Modi bildirib ki, Hindistanın Cammu və Kəşmir əyalətinin Dehlidə mərkəzi hökumətə yenidən tabe olması bu ərazidə terrora son qoyacaq. O vurğulayıb ki, “son üç onillikdə regionda 42 min insan həlak olub”.

Qeyd edək ki, Hindistanın Cammu və Kəşmir əyaləti Kəşmir bölgəsində yerləşir. Əhalisinin əksəriyyəti müsəlmanlardır. Bu ərazi Hindistan və Pakistan arasında bölünüb. İki ölkə 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu məsələ iki ölkə arasında münasibətlərdə əsas problem olaraq qalır.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİN-DƏN XƏBƏRDARLIQ: KİBER MƏKANDA HƏR BİR TƏKLİF ŞÜBHƏLİDİR

“Kiber məkanda hər bir təklif şübhəlidir. Bütün müdaxilələr kart sahibinin aldadılması, şirnikləndirilməsi nəticəsində baş verir”. Bunu Daxili İşlər Nazirliyinin (DİN)...

Bağla