Bəşəriyyətin yaşadığı ilk təcrübə insanın nə qədər aciz bir varlıq olduğunu, hətta köməyə möhtac olduğunu bütün aləmə göstərir. Allah-Təala həzrət Adəm (ə.s.) haqqında müqəddəs kitabımız Qurani-Kərimdə belə buyurur; “Ey Adəm! Sən və həyat yoldaşın cənnətdə məskunlaş, orada istədiyiniz qədər yeyin, lakin bu ağaca yaxınlaşmayın, yoxsa zalımlardan olarsınız” (əl-Bəqərə, 2/35). Ancaq bəşər övladının valideynləri Allahın “Şeytan sənin və həyat yoldaşının düşmənidir. Səni cənnətdən çıxarmasına imkan vermə. Əks halda əziyyət çəkəcəksən!” (Taha, 20/117) ilahi buyuruğunu unudaraq şeytanın yalan vəədlərinə inanmışdır. Uca Yaradanın ilahi əmrini unudan həzrət Adəm (ə.s.) və həzrət Həvva (ə.s.) cənnətdən daha aşağı məqam olan yer üzünə endirilmişdir (əl-Bəqərə, 2/36). Bəşər övladının valideynləri burada çarəsizlik və yalnızlıqla üzləşdikdə səhvlərini başa düşmüş, Allah-Təalanın sonsuz mərhəmətinə sığınaraq belə dua etmişdir: “Ey Rəbbimiz, biz özümüzə pislik etmişik. Əgər bizi bağışlamasan, ziyana uğrayanlardan olarıq” (Əraf, 7/23).
Həzrət Adəm (ə.s.) və həzrət Həvvadan (ə.s.) sonra Allahın insanları hidayətə dəvət etmək üçün seçdiyi peyğəmbərlər və öndərlər müəyyən hadisələr qarşısında Allaha sığınmışdır. Məsələn, Hzərət Nuh (ə.s.), haqqında məlumatı olmayan şeyləri Allahdan istəməkdən yenə Uca Yardana sığınmışdır (Hud, 11/47). Həzrət Yusif (ə.s.) həm qadağan olunmuş münasibət təklifi edən xanımdan, həm də qardaşlarının haqsız əməllərindən Allaha yönələrək “Maazallah, Allaha sığınıram” (Yusuf, 12/23, 79) demişdir. Həmçinin Həzrət Musa (ə.s.) da xalqına istehzalı münasibət bəsləyərək nadan olmaqdan (əl-Bəqərə, 2/67), özünü öldürmək istəyən və axirətə inanmayan firon kimi təkəbbürlülərdən (əl-Mömin, 40/27) və onların düşmənliklərindən (Duxan, 44/20) Aləmlərin uca Rəbbinə sığınmışdır (Hadislerle İslam, 1/163).
Qurani-Kərimdə istiazənin önəmini vurğulayan mühim mesajlardan biri də Ali İmran surəsindədir. Belə ki, İmranın həyat yoldaşı dünyaya gətirdiyi övladının qız olduğunu görüb ona Məryəm adını qoymuş, onu (Məryəmi) və nəslini Allaha həvalə etmişdir. Rəhman və Rəhim olan Allah Məryəmin anasının duasını qəbul etmiş və onu ən gözəl şəkildə yetişdirmişdir (Ali İmran, 3/35-37). İffəti ilə cəmiyyət içərisində məşhurlaşan həzrət Məryəm (ə.s.) insan surətindəki həzrət Cəbraili (ə.s.) gördükdə ondan bir zərər gələcəyini zənn edib “Səndən Rəhman və Rəhim olan Allaha sığınıram.” (Məryəm, 19/18) demişdir (Hadislerle İslam, 1/164).
Bəşəriyyətə hidayət olaraq göndərilmiş peyğəmbərlərin, saleh bəndələrin və nümunəvi şəxsiyyətlərin dualarında da gördüyümüz kimi, fitrətlə həmahəng olmaq və mahiyyətə zidd davranmamaq istəyi insanın ən böyük sığınacaq səbəbidir. Çünki insan üçün özünü itirməkdən, yolunu azmaqdan, içində yaşadığı dünyanı korlamaqdan, zülmə və həddi aşmağa sürüklənməkdən böyük təhlükə yoxdur. Əslində hər şeyi yoxdan var edən Allah, Xatəmul-Ənbiyaya/Son Peyğəmbərinə (s.ə.v.) nazil etdiyi ilahi mesajlarda ilk növbədə şərdən və şərli insanlardan Allah-Təalaya sığınmağı öyrədirdi (Hadislerle İslam, 1/164). Məhz buna görədir ki, Allah-Təala şeytandan qorunmaq üçün həzrət Muhəmmədə (s.ə.v.) tez-tez Ona sığınmağı əmr edir: “Əgər şeytandan gələn pis bir fikir səni vəsvəsə etmək istəsə, dərhal Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir” (əl-Fussilat, 41/36).
Murad Ağayev