ƏNSAR KİMDİR?

0

Ənsar sözü “kömək etmək” mənasında olan nəsr kökündən törəmiş “nasir” və ya “nasır” sifətinin cəmidir. İslam ədəbiyyatında Ənsar Övs və Xəzrəc qəbilələrinə mənsub Yəsrib (Mədinə) müsəlmanları üçün istifadə olunurdu. Onlar öz vətənlərinə sığnan Peyğəmbərə (s.ə.v.) və mühacirlərə çox kömək etmişlər. Ənəs ibn Malikə görə, bu ad ilk dəfə Qurani-Kərimdə keçib (Buhâri, “Menâḳıbü’l-enṣar”, 1). Bu mənada Quranda iki ayədə (ət-Tövbə 9/100, 117) mühacirlərlə birlikdə Ənsarın adı çəkilir və Allahın hər ikisindən razı olduğu bildirilir. Bundan əlavə, Həşr surəsinin 9-cu, Ənfal surəsinin 72-ci və 74-cü ayələrində “Ənsar” sözü qeyd edilməsə də, Həzrət Peyğəmbərə (s.əv.) və mühacirlərə xidmətlərini bəyan edərək təriflənmişlər. Digər tərəfdən, qeyd etmək lazımdır ki, mühacir və ənsar ayırd etmədən, ümumiyyətlə, Məhəmməd peyğəmbərin (s.ə.v.) səhabələrini mədh edən ayələr də səhabələrin bir hissəsini təşkil edən ənsarlarla bağlıdır (Algül: 1995, 11/251).

Ənsarın fədakarlığını hər fürsətdə dilə gətirən Həzrət Peyğəmbər (s.ə.v.) onları yalnız möminlərin sevəcəyini, Ənsarı sevənlərin mükafatının Allah tərəfindən sevilmək, onlara nifrət edənlərin cəzasının isə Allahın bəyənməməsi olduğunu bildirmişdir (Buxari, “Mənahibü’l-ensar” , 4) və mədinəli uşaq və qadınların toydan qayıtdığını gördükdə ayağa qalxıb dünyada ən dəyərli insanların ənsar olduğunu söyləmişdir.  Həzrət Peyğəmbər (s.ə.v.) dua edərdi ki, Uca Allah Ənsar və onların nəsillərinin davamçıarının günahlarını bağışlasın. Başda Bəni Nəccar, Bəni Abduleşhel, Bəni Haris ibn Xəzrəc və Bəni Səidə qəbilələrinə məxsus evlərin xeyirli olduğunu bildirmişdir (Müslim, “Feżâʾilü’ṣ-ṣaḥâbe”, 172-180). Ənsarın fədakarlıqları bütün müsəlmanlar kimi Allah Rəsulu (s.ə.v.) tərəfindən də hər zaman təqdirlə xatırlanmış, İslam qardaşlığının ideal bir tətbiqi olaraq görülmüş və nümunə göstərilməyə çalışılmışdır (Algül: 1995, 11/251).

Ömrü boyu Məhəmməd peyğəmbəri (s.ə.v.) qoruyan və daim onun yanında olan ənsarlar onun vəfatından sonra hədislərini çox diqqətlə qoruyub, sonrakı nəsillərə çatdırılmasında xüsusi rol oynamışdırlar. Ən çox hədis rəvayət edən yeddi səhabədən biri olan İbn Abbas deyir ki, səhabələr arasında ən çox hədis bilənlər ənsardan idi (Dârimi, “Muhəddime”, 47).

Ənsarın görkəmli şəxsləri arasında, xüsusilə Həzərt Peyğəmbəri (s.ə.v.) evində qonaq edən Əbu Əyyub əl-Ənsari, Muaz, Üseyd b. Hudeyr, Əsad b. Zürarə, Übey b. Kəb, Zeyd b. Sabit, Külsüm b. Hidm, Əbu Dücanə, Əbu Talha, Ənəs b. Malik, Ubadə b. Samit, Abdullah b. Rəvaha, Həsən b. Sabit, Abdullah b. Zeyd, Əbud-Dərda, Əsma binti Yezid, Ummu Suleym, Ummu Haram binti Milhan kimi səhabələri qeyd etmək olar. Ənsar, Həzrət Peyğəmbərin (s.ə.v.) və mühacirlərin Mədinəyə hicrət etmələrinə şərait yaratması nəticəsində İslam tarixinin gedişatını dəyişdirdi və Mədinədə ilk müsəlman dövlətinin qurulmasına yol açmışdır (Algül: 1995, 11/251-252).

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ QARABAĞDA MƏKTƏB AÇMAĞI PLANLAŞDIRIR

Türkiyə Maarif Vəqfi yaxın gələcəkdə Qarabağda da məktəb açmağı nəzərdə tutur. Bu barədə Vəqfin İdarə Heyətinin sədri Birol Akgün Azərbaycan...

Bağla