Cərrahi təkyəsinin mürşidlərindən biri olan rəhmətlik Müzəffər Özak xoca Qaragömrükdə ilk dəfə dərgahda tanıdığı Tosun Bayrak adlı bir gəncə:
“-Övladım! Sən bizim Amerikadakı nümayəndəmizsən, dərhal oraya get və işə başla”, -deyə tapşırıq vermişdi. O günə qədər təsəvvüf mədəniyyətindən uzaq olan Tosun Bayrak:
“Əfəndim, bu necə olacaq, mən hələ işi yeni-yeni öyrənirəm”, -dedikdə, Özak xoca:
“-Gecə-gündüz evini, süfrəni və könlünü dostlarına açıq tutsan, bu işdə müvəffəq olacaqsan”, -demişdir.
Bu hadisəni nəql edən Nazif Gürdoğan bəy belə deyir: “Həmin gündən sonra Tosun Bayrak evini, süfrəsini və könlünü dostlarının üzünə hər zaman açdı və bu gün Nyu Yorkda çox geniş bir söhbət məclisi qurmuşdur.”
Verən insan təsirli insandır. Çünki ətrafından daim hörmət və sevgi görür. Etibar və izzət sahibidir. Bu baxımdan sözə başladıqda sözü dinlənir, bir iş gördükdə işinə dəyər verilir. Sosial bir hadisə olaraq deyilə bilər ki, cəmiyyətdə hörmətli insanların, görkəmli şəxsiyyətlərin və müvəffəqiyyət qazanmış liderlərin ümumi ortaq xüsusiyyətlərindən biri də onların comərd olmalarıdır. Bütün peyğəmbərlər, övliyalar və böyük liderlər hər zaman “alan deyil, verən şəxsiyyət” nümunələri olmuşdular.
Rəbbimiz comərd şəxsiyyətləri bərəkətli bir toxuma bənzədir; həm də yeddi sünbül verən və bu sünbüllərin də hər birində yüz ədəd dən olan bir toxuma. Bu bənzətmə, sanki bir insanın comərdlik sayəsində qat-qat artmasının gözəl bir nümunəsidir. Vermək inkişaf etməkdir, özünü başqa könüllərdə, məkanlarda və zamanlarda çoxaltma iksiridir.
Comərdlər gülərüzdürlər və onların könlü hər zaman fərəhlidir. Sözləri şirin, islahedici və rahatlıq vericidir. Bu xüsusiyyətlərilə verə bilən şəxsiyyətlər ətraflarına daim müsbət enerji yayarlar. Bu enerji söz və davranışlarında, hətta sükutlarında belə ortaya çıxar və həmsöhbətlərini təsir altına salar. Necə ki, mədəniyyətimizdə “Comərdin yeməyi şəfa, xəsisin yeməyi isə dərddir” sözü məşhurdur.
Verə bilən insanda bir çox gözəlliklər cəmlənir. Bolluq şüuruna sahib olduğu üçün hər şeyə və hər kəsə gözəl baxar. Hər kəsin yaxşılığını istəyər. Başqalarının müvəffəqiyyəti, qazancı və gözəllikləri onu narahat etməz. Sevgi verər, vergi alar, hörmət göstərər, hörmət qazanar. Könül genişliyinə sahib olduğu üçün qəm və kədər onda daimi deyildir. Hər kəs haqqında yaxşı düşünər.
Verməyi bilən şəxsdə rahatlıq və təmkin hakimdir. Təlaş və stress bu şüur qarşısında özünə yer edə bilməz. Belə insanlar reaktiv bir davranış nümayiş etdirmək yerinə, proaktiv bir paradiqmayla həyatı dəyərlər və prinsiplərlə yaşayarlar. Belə bir həyat tərzi də “Şəxsiyyət Dili”nin gücünə güc qatar.
Maldan vermək, xitmət vermək, zaman vermək və hətta ülvi bir məqsəd uğrunda can vermək həqiqəttə verəni zəiflətməz; əksinə şəxsiyyətə müsbət bir dəyər və keyfiyyət qazandırar. Əsasən şəxsiyyətin inkişafı malın artması ilə müqayisə edilə bilməyəcək bir qazancdır. Mövlana deyir ki: “Haqq yolunda çörək verərsənsə, sənə də çörək verərlər; can verərsənsə, sənə də can bağışlanar.” Qurani-Kərimin müxtəlif ayələrində bir gözəllik ikramının ən az on qat artıqlaması ilə sahibinə geri qaytarılacağına və şəxsiyyətin yetkinləşməsinin ancaq verməklə mümkün olacağına işarə edir.
Vermənin ziddi olan xəsislik isə şəxsiyyətin öz içində kilidlənmə halıdır. Bu şəkildə özünə kilid vuran insanlarda rahatlıqdan əsər-əlamət yoxdur. Daim stress içindədirlər. Duyğu dünyaları inkişaf etmədiyi üçün özləri və ətrafındakılarla barış içində deyillər. Üzləri gülməz, qaşqabaqlıdırlar; qısqanclıq girdabına doğru sürətlə irəliləyirlər. Bu cür insanlarla heç kimsə dostluq, yoldaşlıq, ortaqlıq və ailə həyatı qurmaq istəməz. Cəmiyyət içində olsalar belə həqiqətdə yalnız yaşayarlar. Çünki onların dünyagörüşündə paylaşmaq yoxdur. Onlar kimsənin könül evinə qonaq ola bilməzlər.
Əl və qəlbin xəsisliyi, könül quraqlığına və darlığına səbəb olar. Qurumuş bir könüldə şəfqət, mərhəmət, məhəbbət, fədakarlıq və xidmətkarlıq hisslərindən əsər-əlamət qalmaz. Bu gözəlliklərdən məhrum bir şəxsdə isə “şəxsiyyət dili” inkişaf etməz. Könlün quraqlığı sözlərdə və davranışlarda özünü göstərər. Onların dilindən həmsöhbətin könlünü xoş edəcək bir gözəl söz belə çıxmaz. Yunus Əmrənin ifadə etdiyi kimi: “Necə yumşaq söyləsə sözü, yenə savaşa bənzər.”
ŞƏXSİYYƏT DİLİ VƏ LİDERLİK, ADEM ERGÜL.
İPƏKYOLU NƏŞRİYYATI.