HİCRƏT

0

Həcr sözündən törəyən hicrət kəlməsi lüğətdə tərk etmək, “ayrılmaq”, əlaqəsini kəsmək mənasına gəlib şəxsin müəyyən bir səbəbdən dolayı fiziki, əqlən və ruhən uzaqlaşması deməkdir. Hicrət kəlməsi əsasən “bir yerdən uzaqlaşıb başqa bir yurda köçmək mənasında işlədilir. Termin olaraq, əsasən, müsəlman olmayan bir məmləkətdən (darul-hərbdə) İslam ölkəsinə köçəyə, xüsusi olaraq isə Həzrət Peyğəmbərin (s.ə.v.) və məkkəli müsəlmanların Mədinəyə köçməsinə hicrət deyilir. Məkkədən Mədinəyə köçən müsəlmanlara “mühacir”, məkkəli müsəlmanları bağrına basan mədinəli müsəlmanlara isə “ənsar” deyilir (Önkal: 1998, 458).

            Həzrət Peyğəmbər (s.ə.v.) və məkkəli müsəlmanlar hicrətdən əvvəl müşriklərin ağır zülmlərinə, dözülməz işkəncələrinə, həmçinin uzun müddət davam edən boykotlarına sinə gərirdilər. Müsəlmanların çəkdiyi çilələr hər keçən gün daha da çoxalırdı. Belə bir vəziyyətdə Həzrət Peyğəmbər (s.ə.v.) mədinəli Övs və Xəzrəc qəbiləsindən gələn heyətləri qəbul edərək müsəlmanları məkkəli müşriklərin ağır zülmündən qurtarmağa çalışırdı. Nəhayət Həzrət Peyğəmbərin (s.ə.v.) təşəbbüsləri müsbət nəticələnmiş və müsəlmanların Məkkə xaricində başqa bir şəhərdə yaşamaları üçün imkan yaranmışdı.

            Həzrət Peyğəmbərin (s.ə.v.) icazəsi ilə məkkəli müsəlmanlar 622-ci ildə dəstə-dəstə Mədinə şəhərinə hicrət etməyə başladılar. Çox keçmədən Həzrət Peyğəmbər (s.ə.v.) də sirdaşı Əbu Bəkrlə bərabər Mədinəyə hicrət edərək müsəlmanların köç karvanına qoşulmuıdur. Məşəqqətli yolçuluqdan sonra Mədinə şəhəri müsəlmanları öz bağrına basdı. Həzrət Peyğəmbərin (s.ə.v.) məkkəli və mədinəli müsəlmanları qardaş elan etməsi ilə müsəlmanlar böyük bir zəfərin bünövrəsini qoydular.

            Hicrətin İslam tarixindəki yeri böyükdür. Əgər hicrət olmasa idi, bəlkə də bir ovuc müsəlman yox olacaqdı. Hicrət, İslamın yer üzünə yayılmasına imkan vermişdir. Həmçinin müsəlmanlar hicrəti təqvim başlağıcı olaraq qəbul etdilər. Hicri təqvim olaraq adlanan bu təqvim bu gün bir çox müsəlman ölkəsinin rəsmi təqvimidir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖLKƏ ƏRAZİSİNDƏ HAVA YAĞMURSUZ KEÇİB

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 15-i saat 9:00-a...

Bağla