Allah, Qurani-Kərimi insanları Cənnətə aparan doğru yol kimi göndərmişdir. Quran, insanları ən doğru yola yönəldən bir kitabdır (Al-İsra, 9-10). Quranın göndərilmə məqsədi, onu anlamaq və həyatımıza tətbiq etməkdir. Allah Quranda müxtəlif misallarla öz hikmətini açıqlamış və bu misallardan dərs çıxarmağımızı istəmişdir (Al-İsra; 41). Allah Qurani-Kərimi anlamağı asanlaşdırmışdır ki, insanlar ondan faydalana bilsinlər (Məryəm, 97).
Quranı öyrənmək və öyrətmək müsəlmanlar üçün böyük bir vəzifədir. Quranı öyrənən və başqalarına öyrədənlərin ən xeyirli insanlar olduğu bildirilir. Quran Allahın kəlamıdır və onunla məşğul olmaq ən xeyirli işdir (Buxari, Fəzail əl-Quran, 21).
Quranı öyrənən müsəlman, başqalarına da bu bilikləri öyrətməyə çalışmalıdır. Məsələn, Abdullah ibn Məsud (r.a.) hər ayə üçün “Bu ayə yer üzündəki hər şeydən daha qiymətlidir” deyirdi. Bu, Quranın necə qiymətli olduğunu göstərir (Heysəmi, VII, 166).
Quranı öyrənən və öyrədən şəxs, Quranın müqəddəsliyini anlamalı və ona hörmətlə yanaşmalıdır. Quranı diqqətlə oxumaq, səssizcə onu (oxuyanları) dinləmək, dəstəmazsız halda ona toxunmamaq kimi qaydalar, Quranın müqəddəsliyini qorumaq məqsədi daşıyır.
Quranı öyrənən və sonra unudan şəxs, böyük bir günah işləyir. Hədislərdə Quranı unudan şəxslərin qiyamət günündə əli boş qalacağı bildirilir (Əbu Davud, Namaz, 16/461). Burada “unutmaq” həm Qurandan əzbərlədiyini unutmaq, həm də onu oxumamaq, tətbiq etməmək və haram-halallara diqqət yetirməmək mənasını verir. Bu da insanı Allahın nemətlərindən məhrum edir (Taha, 124-126).
Quranı oxuyan və tədris edən insanlara Allahın rəhməti enir, mələklər onları əhatə edir və Allah onları yanında olan mələklərə xatırladır (Müslim, Kitabu-Zikr 2699). Bu isə həmin insanlara Allahın yanında böyük bir hörmət qazandırır.
Hədisdə qeyd olunduğu kimi, Quranın tədrisi üçün toplanan hər bir məkan, xüsusən məscidlər, “Allahın Evləri” olaraq qiymətləndirilir. Bu məkanlar Allahın rəhməti ilə dolur və orada olanlar Allahın qoruması altındadır (Müslim, Müsafirin, 212).
Quranın yalnız oxunması və öyrədilməsi ilə deyil, eyni zamanda onun həyatımıza tətbiq edilməsi və Allahın kəlamı olaraq ona layiqincə hörmət göstərilməsi vacibdır. Quranın oxunması və öyrədilməsi müsəlmanlar üçün həm dünyada, həm də axirətdə böyük mükafatlara səbəb olur.
Rəşad Manafov