Türkiyə Qarabağın dirçəlişində Azərbaycana mütləq dəstək olur və olacaq.
Bunu Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında deyib.
O qeyd edib ki, Azərbaycan Vətən müharibəsi və antiterror əməliyyatları ilə suverenliyini təmin edə bildi.
“Türkiyə həmişə Azərbaycanın yanındadır. Azad olunmuş ərazilərə gedirik, oradakı dağıntıları görürük. Biz heç zaman bu zülmü yaddan çıxarmırıq və həmişə xatırlayacağıq. Qarabağın dirçəlişində isə Azərbaycana mütləq dəstək oluruq və olacağıq”, – Ş.Ayrım vurğulayıb.
O, Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə də toxunub. Qeyd edib ki, öz torpaqlarından məcburi şəkildə çıxarılan, qovulan Qərbi azərbaycanlıların geri qayıtmaq hüququ var:
“Bəs dünyanın ədaləti hanı? Qarabağ müharibəsi dövründə Azərbaycan 30 il Minsk qrupu ilə vaxt itirdi. Ermənilər isə Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmasına tərəddüd etməməlidirlər. Qərbi azərbaycanlıların məsələsinin bugünkü protokola da salınmasını təklif edirəm”.
Ş.Ayrım əlavə edib ki, bu gün Azərbaycan Ermənistana sülh əlini uzadır:
“Bölgənin sabitliyi də bundan keçir. Amma, təəssüflər olsun ki, xalqların xoşbəxt yaşamasına qarşı çıxanlar var. Azərbaycan torpaq istəmir, beynəlxalq hüquqla haqqını tələb edir”.
Report