Hz. Peyğəmbər (s.ə.s), həyatı boyunca nümunəvi əxlaqı ilə seçilmiş, xüsusilə səbir, şükür və səxavət sahələrində möminlərə örnək olmuşdur.
Səbir onun həyatında önəmli yer tuturdu. O, Allahın əmrlərinə riayət etməkdə və çətinliklərə sinə gərməkdə misilsiz təmkin nümayiş etdirirdi. Allah Rəsulu buyurmuşdur: “Səbir nurdur, aydınlıqdır. Heç kimə səbirdən daha xeyirli bir şey verilməmişdir” (Buxari, Riqaq, 20). O, müsibətlərin ilk anda təslimiyyətlə qarşılanmasını tövsiyə etmiş və belə demişdir: “Müsibətə uğrayan müsəlman ‘İnnə lilləhi və innə ileyhi raciun’ deyərsə, Allah həmin müsibəti yüngülləşdirər” (Müslim, Cənaiz, 3). Cahil insanların kobud rəftarlarına belə təmkinlə cavab verən Hz. Peyğəmbər, hirslənməyin şeytandan olduğunu bildirərək, qəzəbi cilovlamağın yollarını öyrətmişdir (Əbu Davud, Ədəb 4).
Eyni zamanda, şükür onun həyat tərzinin ayrılmaz bir parçası idi. Hz. Peyğəmbər nemətlərin böyüklüyünə və ya kiçikliyinə baxmadan daim Allaha şükür edər və insanlara təşəkkür etməyin Allah qarşısında şükür borcu ilə əlaqəli olduğunu bildirərdi. O, qənaəti şükrün ən yüksək dərəcəsi kimi dəyərləndirər və insanların “könül zənginliyi” ilə xoşbəxt ola biləcəyini vurğulayardı.
Səxavəti ilə də tanınan Allah Rəsulu, insanların ən comərdi idi. Əlinə keçəni başqaları ilə paylaşar, hətta öz ehtiyaclarını ikinci plana atardı. Ramazan ayında səxavəti daha da artar, yoxsullara, yetimlərə, qonşulara və möhtaclara xüsusi diqqət göstərərdi. Hz. Peyğəmbər buyurmuşdur: “Kasıblara əlindən gəldiyi qədər yardım et. Verərkən sayaraq vermə ki, Allah da sənə sayaraq verməsin” (Müslim, Zəkat, 12).
Onun oturuşu, yemək və içmək ədəbləri, həmçinin ümumi həyat tərzi sadəlik, təvazökarlıq və insanlara qarşı hörmətlə seçilirdi. Bu təfərrüatlar Peyğəmbərin müsəlmanlar üçün davranış modeli olduğunu və onun nümunə götürülməli bir həyat tərzini təbliğ etdiyini göstərir. Peyğəmbərin (a.s) bir çox davranışını Quranda buyurulan əmirlərlə üst-üstə düdüyünü görə bilərik. O, hər baxımdan Quranda təriflənən “gözəl nümunə”dir (əl-Əhzab, 21). Məsələn, Qurani-Kərim yemək və içməklə bağlı: “Ey insanlar! Yerdə olan halal və təmiz şeylərdən yeyin. Şeytanın izindən getməyin; çünki o, sizə açıq-aşkar düşməndir” (Bəqərə Surəsi, 168), israfdan uzaq olmaqla bağlı: “Və mal-dövlətinizi israf etməyin, çünki israf edənlər şeytanların qardaşlarıdır, və şeytan çox nankordur” (İsra Surəsi, 26-27) deyir və biz Peyğəmbər həyatında bu ayələrin tətbiqatını görürük.
Beləliklə, O, Quranı yaşamaqla və əxlaqlı olmaqla insanlara yol göstərən bir işıqdır. Bunlar həm fərdi davranışlarda, həm də sosial münasibətlərdə necə balanslı və şəfqətli bir yanaşma sərgilənə biləcəyinə dair dərslər ehtiva edir.
Rəşad Manafov