DÜNYA DİNİ LİDERLƏRİ AZƏRBAYCANA BAŞSAĞLIĞI VERİR

0

Azərbaycan Hava Yollarına aid təyyarənin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı bütün dünyada geniş əks-səda yaratmışdır. Dünyanın dini liderləri Azərbaycan xalqının bu ağır günündə dərdimizə şərik çıxır, başsağlığı ifadə edirlər.

Bu  barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidməti məlumat yayıb.

Belə ki, Müsəlman Ağsaqqallar Şurası Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə yerləşən qərargahından mətbuat üçün xülasə yayımlayıb. Xülasədə deyilir:

“Əl-Əzhər Əl-Şərifin Böyük İmamı Prof. Dr. Əhməd Əl-Tayibin sədrliyində Müsəlman Ağsaqqallar Şurası Azərbaycan Hava Yolları sərnişin təyyarəsinin Qazaxıstan hava sahəsində faciəvi qəzaya uğraması nəticəsində onlarla insanın həlak olması ilə bağlı Azərbaycan Respublikası ilə ürəkdən həmrəy olduğunu bildirir, Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə sağlamlığına qovuşmalarını Uca Yaradandan diləyir.”

Digər tərəfdən, Rus Pravoslav Kilsəsinin Patriarxı, Zati-müqəddəsləri Kiril Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə başsağlığı məktubu göndərib. Məktubda deyilir: “Zati-aliləri, möhtərəm İlham Heydər oğlu! Qazaxıstanın Aktau yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının həlak olması və ağır yaralanması ilə bağlı səmimi başsağlığımızı qəbul edin. Xahiş edirəm, onların ailələrinə və yaxınlarına təsəlli və dəstək sözlərimizi çatdırasınız. Zərərçəkənlərin tezliklə sağalmalarını arzulayıram.” Patriarx Kiril həmçinin QMİ sədrinə və ölən və yaralananların ailələrinə də başsağlığı mesajları ünvanlayıb.

Həmçinin, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin ünvanına başsağlığı mesajları gəlməyə davam edir. Qazaxıstan Respublikasının Baş müftisi Naurızbay Taqanulı, Şimali Kipr Türk Cumhuriyyətinin Dəyanət İşləri Başkanı Ahmet Ünsal, RF Dağıstanın Baş müftisi Əhməd Abdulayev, Pakistan Müsəlman İnstitutunun direktoru Sahibzadə Sultan Əhməd Əli və İslamabadın müftisi Pirzadə Aqil-ur-Rəhman, Albaniya İslam cəmiyyətinin sədri Dr. Arben Ramkaj, Finlandiya müsəlman cəmiyyətinin başçısı Atiq Əli,  İraq Nazirlər Kabineti Aparatının Müşaviri, İraq Üləmalar Heyətinin sədri Şeyx Dr. Xalid Əl-Mulla, Özbəkistan Müsəlmanları İdarəsinin sədri Müfti Şeyx Nuriddin Xoliqnazar, Qırğızıstan Müsəlmanları İdarəsinin sədri, müfti Abduləziz Zakirov və başqaları mesajlarla öz bağsağlıqlarını və həmrəyliklərini ifadə ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSTİQLAL ŞAİRİ MEHMET AKİF ERSOYUN VƏFATINDAN 88 İL ÖTÜR

Türk dünyasının istiqlal şairi Mehmet Akif Ersoy 20 dekabr 1873-cü ildə Osmanlı dövlətinin paytaxtı İstanbulda dünyaya gəlib. Bir çox insanın...

Bağla