Mütəxəssislərə görə sağlam həyat yaşamağın əsas şərtlərindən biri də müntəzəm olaraq balıq yeməkdir.
Aparılan təhqiqatlar nəticəsində məlum olub ki, balıq yemək bədən və ruh sağlamlığı üçün faydalıdır, balıqda olan vitaminlər zehni açaraq yaddaş itkisi və unutqanlığı azaldır. Balığın tərkibində olan A, B2, B3, B12, D, E vitaminləri, fol turşusu, fosfor, kalsium, sodium, selenium gözlər üçün də faydalıdır. Tərkibində yüksək səviyyədə Omega 3 yağı olan balıq beyin funksiyalarını da inkişaf etdirir, insanın böyüyüb inkişaf etməsinə də dəstək verir.
Həmçinin immunitet sistemini gücləndirərək xəstəliyə yoluxma təhlükəsini azaldan balıq, bədəndə yağ toplanmasına mane olaraq piylənmənin qarşısını alır. Balıq alanda təzə olub-olmadığına diqqət etmək lazımdır. Əks təqdirdə zəhərlənmə təhlükəsi ilə üz-üzə qalarıq. Bəzi balıqların tərkibində civə səviyyəsinin yuxarı olması insan üçün ziyanlı ola bilər. Bu səbəblə də xüsusilə hamilələr və uşaqlar civə səviyyəsi az olan balıqlar yeməli, dərində məskunlaşan balıqlardan uzaq olmalıdırlar.
Xəbər: Şirəli Məmmədov