ÜÇ FƏZİLƏT-SƏBİR, ŞÜKÜR VƏ SƏXAVƏT

0

Hz. Peyğəmbər (s.ə.s), həyatı boyunca nümunəvi əxlaqı ilə seçilmiş, xüsusilə səbir, şükür və səxavət sahələrində möminlərə örnək olmuşdur.

Hz. Peyğəmbər, müsibətlərin ilk anda təslimiyyətlə qarşılanmasını tövsiyə etmiş və belə demişdir:
“Müsibətə uğrayan müsəlman ‘İnnə lilləhi və innə ileyhi raciun’ deyərsə, Allah həmin müsibəti yüngülləşdirər” (Müslim, Cənaiz, 3).

Bu, Quranda Allahın səbir sahiblərinə müjdə verdiyi ayələrlə də təsdiqlənir:
“Səbir edənlərə müjdə ver! Onlar ki, bir müsibət baş verdikdə: ‘Həqiqətən, biz Allaha məxsusuq və Ona da qayıdacağıq!’ deyirlər” (əl-Bəqərə, 155-156).

Cahil insanların kobud rəftarlarına belə təmkinlə cavab verən Hz. Peyğəmbər davranışı Quranda öz əksini tapır. Allah Quranda belə buyurur: “Yaxşılıqla pislik bir olmaz. Sən (pisliyi) ən gözəl tərzdə dəf et. Onda səninlə arasında düşmənçilik olan kimsə yaxın bir dost kimi olar” (Fussilət, 34).

Eyni zamanda, şükür onun həyat tərzinin ayrılmaz bir parçası idi. Quranda deyilir:
“Əgər şükür etsəniz, sizə (nemətimi) artıraram, əgər nankorluq etsəniz, həqiqətən, əzabım çox şiddətlidir” (İbrahim, 7). Hz. Peyğəmbər də bu əmrə uyğun olaraq, hər zaman Allaha şükür edir və hətta çətinliklər qarşısında belə Onun hidayətinə və mərhəmətinə təşəkkür etməyi öyrədirdi.

Səxavəti ilə də tanınan Allah Rəsulu, insanların ən comərdi idi. Əlinə keçəni başqaları ilə paylaşar, hətta öz ehtiyaclarını ikinci plana atardı. Ramazan ayında səxavəti daha da artar, yoxsullara, yetimlərə, qonşulara və möhtaclara xüsusi diqqət göstərərdi. Quranda səxavətin fəziləti bu cür ifadə edilmişdir: “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə, əsla yaxşılığa nail ola bilməzsiniz” (Ali-İmran, 92). Hz. Peyğəmbər bu ayəyə əməl edərək hər şeyini paylaşar və heç bir ehtiyacı olanı əliboş geri qaytarmazdı. O, səxavət və fədakarlığı ilə insanların qəlbini qazanmış və cəmiyyətə sosial ədalət anlayışını öyrətmişdir.

Hz. Peyğəmbərin səbir, şükür və səxavət əxlaqı, müsəlmanlar üçün böyük dərs və dəyər mənbəyidir. Quranda onun haqqında belə buyurulur: “Sizin üçün Allahın Rəsulunda gözəl nümunə vardır…” (əl-Əhzab, 21). Bu əxlaqı yaşamaq və həyatımıza tətbiq etmək, hər bir müsəlmanın qəlbindəki iman işığını gücləndirən və dünya həyatını mənalı edən bir vəzifədir.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DÖVLƏT KOMİTƏSİ KREMASİYA MƏRKƏZLƏRİNİN YARADILMASI İLƏ BAĞLI MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRDİ

"Hazırda müvafiq dövlət qurumları arasında kremasiya mərkəzlərinin açılması məsələsi ilə bağlı müzakirələr aparılmır". Bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən...

Bağla