QAR TƏFƏKKÜRÜ…

0

Qış fəslində qar yağır. Min bir hikmətlə yanaşı ağappaq mənzərəsi ilə gəlin otağı kimi dünyanı bəzəyir. Gecələrin uzandığı, qaranlıq saatların artdığı qış mövsümündə öz bəyaz rəngi ilə seyr edənlərə rahatlıq verir. Əgər göydən yağan qar dəhşətli qan rəngində, yaxud matəm və bədbinlik ab-havası yaradan qara rəngdə yağsaydı, necə də dəhşətli olardı. İnsanlar ağlını itirərdi.

Həmin buz kimi qarın altında minlərlə məxluqat donub ölmədən torpağın qoynunda yaşayır. Baharın gəlişi ilə qarlar əridikdə meydana böcək ölüləri deyil, cürbəcür məxluqat çıxır.

Haqq-Təala həmçinin müstəsna sənətini şərtlərlə məh­dud olmadığını isbat edərək göstərir. Məsələn, əksər bit­kilərin yaşaya bilmədiyi qış mövsümündə qar altında qarçiçəyini yaratmışdır.

Qarçiçəyi gülləri… Üst-üstə ikram və lütf…

“O, hər şeyə qadirdir”.

Digər çiçəklər olsa solar, donar, çürüyər. Lakin qarçiçəyi ən çətin şərtlərdəki ilahi sənət təcəllisidir. Səhrada su qaynağı olan kaktuslar… Hər biri Onun sənətidir. Hər mövsümdə, hər şərtdə ayrı-ayrı sənət əsəri…

Allah-Təala sonsuz qüdrət və sənəti ilə müxtəlif tə­fək­kürlərə pəncərə açır… Bəzən bir divarın, daşın içindən əncir ağacı çıxardaraq, həmin ağacdan meyvə yetişdirərək insana ümidsizliyə düşməməsi üçün dərs verir. Deməli, insan səbəblərə əl ataraq əlindən gələni edəcək. Allaha təvəkkül etdikdən sonra ilahi yardım ən imkansız şərtlərdə də təcəlli edə bilər…1

Elə çiçəklər var ki, yalnız yüksək sıldırımda yetişir… Elə meyvələr var ki, müəyyən iqlimlərə məxsusdur… Coğrafi ərazilərə məxsus meyvələr, insanın nəyə ehtiyacı varsa, onu təmin edən ikramlar…

Hamısı ayrı bir sirr…

Kiçicik toxumdan filizə, filizdən fidana, sonra da ağaca çevrilən bir meyvə ağacını təfəkkür edək:

Hər fəsildə təkrarlanan bir proqramı var. Öz təqvimi var. Sadəcə bir odun parçası kimi gördüyümüz o ağacın içində sanki kompüter var, idarə otağı var. Oradan təlimatlar gəlir. Axsamadan bir-bir həyata keçir:

Zamanı gələndə ağac əvvəlcə çiçək verir. Həmin çiçəklər gözəl rəngləri, naxışları və rayihələri ilə bahar fəslində insanlara müjdə verir. Toxumları daşıyacaq böcək və quşları da dəvət edir.

Çiçəkdən sonra budaqlarda yarpaq çıxır. Yarpaqlar yaşıl rəngin müxtəlif tonlarını sərgiləyərək yenə bizə fərəh verir. Bambaşqa mənzərə seyr etdirir. Yarpaqlar sanki fotosintezin enerji bloku kimi fəaliyyət göstərir. Eyni zamanda ağacın ətrafında yaşayan bir çox məxluqun qidasıdır. Yarpaqlı bir ağac həm də kölgə nemətidir…

Nəhayət, çiçəklərin ardında qalan tumurcuqlardan mey­və yetişir. Həmin meyvələr eyni torpaq və sudan bəsləndiyi halda müxtəlif rəng, çeşidli ləzzət və fərqli xüsusiyyətlərə malikdir.

Sanki hər ağacın kökündə nasos var, yerdən çəkdiyi suyu ağacın ucundakı yarpağa qədər çatdırır və bu su kənara daşmır.

Bütün meyvələrin növbənöv qabığı var. Bəzisi pərdə kimi, bəzisi qalın müşəmbə kimi, bəzisi də taxtaya bənzər… Naxış-naxış ilahi sənət… Bu qabıqlar sanki içindəki qidanı qoruyan termos hökmündədir.

Qabığı soyulan bir meyvə tezliklə xarab olur, turşuyur, quruyur, yaxud da qaralır. Yalnız soyuducuda, yaxud da qida əlavələri ilə mühafizə edilə bilir.

Amma termos mahiyyətindəki həmin qabığın içində aylarla xarab olmadan qalır. Təfəkkür etdikcə dərinləşən sirlər.

Bir çox meyvənin tərkibində yetişdiyi ağacın toxumu var. Beləliklə, heç bir hərəkət edə bilməyən ağac öz nəslini meyvə ikram edərək davam etdirir.

Hər bir növ üçün bu mükəmməl proqramı ayrı-ayrılıqda yazdıran, zərrə qədər toxumun içərisinə sığdıran, həyata keçirən kimdir?

Saysız-hesabsız ilahi nemətləri təfəkkürə davam edək:

Kölgənin nə cür nemət olduğunu heç düşündükmü?

Allah-Təala düşünməyimizi istəyir:

أَلَمْ تَرَ إِلَىٰ رَبِّكَ كَيْفَ مَدَّ الظِّلَّ وَلَوْ شَآءَ لَجَعَلَهُ سَاكِنًا

 ثُمَّ جَعَلْنَا الشَّمْسَ عَلَيْهِ دَلِيلًا

“Məgər Rəbbinin kölgəni necə uzatdığını gör­mür­sənmi? Əgər istəsəydi, onu daim öz yerində saxlayardı. Sonra Biz günəşi (kölgəyə) bir əlamət etdik”. (əl-Furqan, 45)

Allah-Təala günəşin ətrafındakı dövriyyəni mövcud ni­zamındakı kimi təqdir etməsəydi, günəş sistemini də mər­kəzində birdən artıq ulduz olan digər sistemlər kimi xəlq etsəydi, yaxud yer üzündə kölgə salacaq ağac kimi varlıqları yaratmasaydı, hər tərəfi dümdüz səhra kimi yaratsaydı, kölgəyə həsrət qalardıq.

Bu ehtimallar dəryasında insan bir də öz vücudunu təfəkkür etməlidir.

KAİNAT, QURAN VƏ İNSAN, OSMAN NURİ TOPBAŞ

İPƏKYOLU NƏŞRİYYATI

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərh Yazın

Əvvəlki məqaləni oxuyun:
DİLİN BƏLASI-YALAN

Zəmanəmizin fitnə - fəsadlarından biri də yalandır.

Bağla