Həsəd – başqasının yaxşılığına və sahib olduğu nemətə üzülmək və bu nemətin onun əlindən getməsini istəməkdir.
İnsanın mənəvi xəstəliklərindən ən təhlükəlisi həsəddir. Belə ki, başqasının yüksəlişini gördüyü zaman ona qarşı duyduğu qısqanclıq hissləri getdikcə artır və insanı mənəvi və hətta cismani olaraq məhv olma dərəcəsinə gətirir. Qazandığı savablar da bu mənəvi xəstəlik ucbatından bir-bir uçub gedir. Əgər insan mənən qəlbini tədavi edə bilmirsə, bu həsəd və qısqanclıq hissi onu yeyib bitirir. Üstəlik bununla Allahın insanlar üçün təyin etdiyi qədərə də qarşı üsyan etmiş olur. Allahın qulları üzərində təqsim etdiyi (payladığı) ruzinin sanki doğru paylanmadığını düşünərək: “Niyə ona bu qədər nemət verdin”,- deyərək Allaha qarşı çıxır.
Yer üzündə ilk işlənən günah həsəd səbəbindən olmuşdur. Adəm (ə.s.)ın oğlu Qabil qardaşı Habilə həsəd edərək öldürdü. Yusif (ə.s.)ı da qardaşları atalarının onu daha çox sevdiyi üçün qısqanaraq quyuya atdılar. Bu nümunələrdə həsədin necə qorxulu yara olduğu və insan ömrünü qısaltdığını ifadə eolunur.
İki cahan sərvəri Hz. Məhəmməd (s.ə.s.) hədislərində həsəd və nifaqın ümməti üçün böyük bəla olacağı haqqında narahatçılığını ifadə edərək belə buyurmuşdur:
“Mənim ümmətimə də keçmiş ümmətlərin xəstəliyi bulaşacaqdır. Bu hansı xəstəlikdir?- deyə soran olarsa, bunlar küfrani-nemət (neməti bəyənməmək), bolluqda azğınlıq, başqasının malına göz dikmək, bir-birindən uzaqlaşmaq, həsəd etməkdir ki, bu yolla hüdudu aşarlar, sonra da pərişan olarlar. (Tirmizi)
Həsəd edən adam bu xisləti üzündən rahat yuxu yatmır, daima həsəd etdiyi insanı düşünür, hətta ona gələn müsibəti sevinclə izləyərək zövq alır. Qarşısındakı insana bəla gəlməsi üçün də, bəlkə, illəri gözləyir. Amma bu keçən illərin onun da ömründən getdiyinin fərqinə varmır. İçini bürüyən xəbislik onun dünyada rahat və hüzur dolu yaşamağına mane olur, həyatı zindan olur. Üstəlik qarşısındakını gözü götürməməsi onun əldə etdiyi savablarının da puç olmasına səbəb olur. Çünki Allah Rəsulu (s.ə.s.) bir hədisində belə buyurmuşdur ki: “Həsəddən uzaqlaşın. Atəşin odunu yeyib bitirdiyi kimi həsəd də yaxşılıqları yeyib bitirir”.
Rəvayətə görə Musa (ə.s.) bir gün ərşin kölgəsində bir adamın oturduğunu gördü. Maraqlandı. “Yəqin Allah qatında gözəl insandı,”- deyə düşündü. Sonra Rəbbinə: “Ya rəbb, bu adam kimdir? Adı nədiır? – deyə soruşdu. Allah Təala adını söyləmədən üç əməl ilə onun bu mərtəbəyə çatdığını söylədi:
- Kimsəyə həsəd etmədi;
- Ata-anasına asi olmadı;
- Söz gəzdirmədi.
Dolayısıyla paxıl insan qarşısındakı kimsəni gözü götürmədiyi üçün arxasınca qeybətini də edərək, onu alçaltmaq istər. Bu fikirlər onu gün keçdikcə irəli addım atmağındansa, geri salar. Üstəlik qəlbini bürüyən həsəd kin-küdurət və nifrət kimi digər mənəvi xəstəliklərin artmasına da zəmin yaradır. Halbuki qədərinə razı olub Allahın verdiyi nemət ilə kifayətlənən insan qonaq olduğu bu dünyada əbədi olmadığını düşünərsə və Allahın razı olduğu işləri görərsə, həm bu dünyasını, həm də axirətini qazanar, Allahın xas qullarından olar.
Ənəs b. Malikdən rəvayət olunur ki: “Bir gün Rəsulullah (s.ə.s.) ilə məsciddə oturmuşduq. Rəsulullah (s.ə.s.) bizə:
-“İndi qabağınıza cənnətlik bir adam çıxacaq,”- dedi. Bir az sonra əlində çarıqları və dəstəmazlı əzalarından su axa-axa gələn bir adam salam verib yanımızdan ötüb keçdi. Aramızdan Abdullah b. Amr qalxıb arxasınca getdi. Adam evinə çatanda arxadan yaxınlaşıb:
-“Allah rizası üçün məni gonaq edərsənmi? Atamla münaqişə etmişəm. Evə dönmək istəmirəm,”- dedi. Adam:
-“Qonaq Allah qonağıdır. Buyur gəl, istədiyin qədər qal,”-dedi. Abdullah b. Amr üç gün onun evində qaldı. Bu müddət əərzində onun hər hərəkətini qarabaqara izlədi. Adamın gündəlik ibadətlər xaricində və arada “əlhəmdülillah” və “sübhanallah” kimi Allahı zikr edən təsbihlərindən başqa bir şey görmədi. Dördüncü gün adama:
-Allah səndən razı olsun! Məni üç gün boyunca qonaq elədin. Amma haqqını halal elə. Rəsulullah səni bizə işarət edərək cənnətlik olduğunu söylədi. Mən də sənə yalandan atamla mübahisə etdiyimi deyərək evində qalmaq və hansı əməlləri etdiyini görmək istədim. Ancaq gördüklərim elə hamımızın gördüyü gündəlik əməllərdən idi. Bundan əlavə etdiyin başqa əməl varmı səni bu qədər ucaltsın? Adam:
-“Vallah, gördüyün elə bunlardı. Mənim bunlardan başqa ayrı ibadətim yoxdur,”- dedi. Abdullah b. Amr onunla sağollaşıb gedəndə adam arxasınca:
-“Mənim sənin gördüklərindən artıq elə çox da ibadətim olmasa da, mən heç bir zaman kimsəyə həsəd və paxıllıq etmədim, arada söz gəzdirmədim və heç kəsin ayıbını da araşdırmadım,”- dedi. Bu sözləri eşidən Abdullah b. Amr:
-“Elə budur səni cənnətlik mərtəbəyə şatdıran,“- deyə gülümsəyərək oradan ayrıldı.
Son olaraq onu ifadə etməkdə fayda var ki, insanın Allah Təalanın razı olduğu işləri görüb sevmədiyi işlərdən uzaqlaşması, qəlbini kin, nifrət, həsəd və s. kimi xəbis xüsusiyyətlərdən təmizləməsi həm Allah, həm də insanlar nəzdində ucaldar, onu sultan edər. “Çünki insan bədənində bir ət parçası vardır. O, yaxşı olarsa, bütün bədən yaxşı, o, pis olarsa, bütün bədən pis olar. Diqqət edin, o qəlbdir!”- deyə Peyğəmbərimiz (s.ə.s.) qəlb təmizliyinin nə qədər insanın maddi və mənəvi saflığı üçün əhəmiyyət kəsb etdiyini vurğulamaq istəmişdir.
Samirə Mahmudova