İslam dini sadəcə həyatda olan insanların deyil, eyni zamanda dünyadan köçmüş, yaxınlarından ayrılmış qəbir əhlinin də bir sıra haqlarını bizlərə bildirmişdir.
Onları tez-tez ziyarət edib yada salmaq həyatda olan biz yaxınlarının borcudur. Bu baxımdan qəbir ziyarətinin iki faydası vardır: Biri ziyarət edənə, digəri isə ziyarət olunan qəbir əhlinə. Ziyarət edənə faydası odur ki, həm ölümü və axirəti xatırlayır, həm vəfa borcunu yerinə-yetirir, həm də bu ziyarət sünnə əməl olduğu üçün savab əməl işləmiş olur. Ziyarət olunan insana da faydası odur ki, orada olunan dualardan Uca Allah (azzə və cəllə) ona fayda bəxş edər.
Qəbirləri ziyarət etməyin hər bir müsəlman kişi və qadın üçün sünnə əməl olduğunu Peyğəmbərimizin (s.ə.s) bu açıqlamasından öyrənirik:
Bu hədisdən də məlum olduğu kimi, İslamın ilk dövrlərində qəbir ziyarəti qadağan olunmuşdu. Qadağan olunmasındakı səbəb isə ogünkü müşrik ərəblərin İslama zidd olan adətlərindən qaynaqlanırdı. Çünki Peyğəmbərimiz (s.ə.s) hələ qədərlə bağlı əqidənin möhkəmlənmədiyi və cahiliyyə vərdişlərinin davam etdiyi, cənazələrdə qadınların dil deyib fəryad etdiyi dövrdə qəbir ziyarətini qadağan etmiş, lakin bunu daha sonra bu hədisi ilə sərbəst buraxmışdır. Bu icazəni biz başqa bir hədisdə də görürük: “Sizdən qəbirləri ziyarət etmək istəyən bunu etsin. Çünki qəbir ziyarəti bizə axirəti xatırladır”. (Tirmizi, Cənaiz 60; Əbu Davud, Cənaiz 77)
Peyğəmbərimizin (s.ə.s) qəbirləri çox ziyarət edən qadınlara lənət etdiyini bildirən hədislər (Bax.Tirmizi, Səlat, 21, Cənaiz, 61; Nəsai, Cənaiz, 104; İbn Macə, Cənaiz, 49.) ziyarət qadağasının qüvvədə olduğu dövrə aiddir. Tirmizi bunu açıq-aydın ifadə etmişdir. Hənəfi alimlərinin də mötəbər rəyinə görə, qadının qəbir ziyarəti qaydaları pozmamaq və ifrata varmamaq şərti ilə caizdir. Çünki hədislərdəki rüsxət qadınları da əhatə etməkdədir. (Tirmizi, Cənaiz, 60)
Allah Rəsulu (s.ə.s) öz tətbiqatı və hədisləri ilə qəbir ziyarətinin dinə uyğunluğunu, hikmətini, vaxtını, üsul və ədəbini bizə göstərmişdir. Qəbir ziyarətinə getdiyimiz zaman ilk olaraq həmin qəbiristanlıqda dəfn olunanlara, sonra isə ziyarətinə getdiyimiz qəbir əhlinə bu şəkildə salam veririk:
Bu salamlama dirilər üçün salamatçılıq və bağışlanma, ölülər üçün də Allahdan əfv diləməkdir.
Qəbir ziyarəti üçün elə bir müəyyən gün və saat yoxdur. Hər zaman edilə bilər. Qəbrin yanında dua edilərkən üzüqibləyə durulmalıdır. Bu ziyarətlərdə ölüdən bir şey istəmək və ya kömək gözləmək düzgün deyil. “Ancaq Sənə ibadət edərik və ancaq Səndən kömək gözləyərik” (əl-Fatihə, 1/5) ayəsindən göründüyü kimi, yalnız Allaha ibadət edir və ancaq Ondan kömək diləyirik. Dirilərdən belə istəyə bilməyəcəyimiz şeyləri ölülərdən istəməyin dinən, əqlən və məntiqən bir faydası yoxdur. Qəbir ziyarətində qəbir daşlarına əl-üz sürtmək, qəbir daşlarını öpmək, qəbirləri tapdalamaq, üstündə oturmaq və yanlarında yatmaq düzgün deyil. Bundan başqa, qəbirlərə tərəf yönəlib namaz qılmaq və ölülər üçün nəzir demək, qəbirlərin başına dolanmaq, şam yandırmaq və buna bənzər hərəkətlər dinimizin buyruğu olmayan, bidət sayılan hərəkətlərdir və bu cür xurafatlardan uzaq durmaq lazımdır.
Qəbir ziyarətinin faydalarını belə sıralaya bilərik: İnsana ölümü və axirəti xatırladaraq ibrət almağa çağırır. İnsanı zöhd və təqvaya yönəldir. Dünyaya ifrat dərəcə hərisliklə bağlanmağın və haram əməllərin qarşısını alır. İnsanı yaxşılığa sövq edir. Bundan əlavə, Allah Rəsulunun (s.ə.s) məzarını, həmçinin əməlisaleh insanların qəbirlərini ziyarət etmək qəlbə mənəvi rahatlıq verir, ülvi hisslər aşılayır.
Hz. Muhamməd Mustafanın (s.ə.s), saleh insanların, övliyaların və şəhidlərin qəbirlərini ziyarət etmək üçün səfərə çıxmaq da məndub sayılmışdır. Peyğəmbərimiz (s.ə.s) də tez-tez Uhud döyüşündə şəhid olanların qəbirlərini ziyarət edər və onlara dualar oxuyardı.
Həzrət Peyğəmbərə sadiq ümmət olmağı arzulayan və axirəti uman bizlər də həm qohumlarımızın, həm saleh insanların, həm də şəhidlərimizin qəbirlərini vaxtaşırı ziyarət etməli, onlara qarşı vəfa borcumuzu yerinə yetirməliyik.
Aqil ƏLİYEV