“B” HƏRFİNDƏKİ GİZLİ SİRR

0

Uca Yaradan kainatı və insan oğlunu yaratdıqdan sonra onu başıboş buraxmamış, yer üzünün xəlifəsi olaraq seçdiyi insana xitab edərək onunla danışmışdır. Həm dünya, həm də axirət səadətini təmin etmək üçün vəhy göndərmiş, bu vəhyi təbliğ və tətbiq etmək üçün də peyğəmbərləri vəzifələndirmişdir.

İlk insan və ilk peyğəmbər Hz. Adəmdən bəri gələn vəhy zənciri son peyğəmbər Hz. Məhəmməd (s.ə.s)-ə göndərilən Qurani-Kərimlə sona çatmışdır.

Hz. Əliyə izafə edilən bir söz bu baxımdan çox mənalıdır. “Quranın tamamı Fatihə surəsində xülasə edilmişdir. Fatihə surəsinin xülasəsi də başındakı bismillahdır. Bismillah isə əvvəlindəki “b” hərfində xülasə edilmişdir.” Bu, olduqca yerində işlənmiş bir ifadədir. Çünki müqəddəs kitabımız Qurani-Kərim ümumi mənada Allah ilə kainat, xüsusilə də bəşər arasındakı əlaqəni ələ alır. Məhz “bəsmələ”nin başındakı “b” hərfi Allah ilə bəşər arasındakı əlaqəni təmisl edir. Ərəb dilində cər hərfi kimi işlədilən bu hərf iki və ya daha çox şəxs arasındakı əlaqəni, eyni zamanda münasibəti bildirir. Dilimizdəki qarşılığı isə “ilə”dir. Əhməd “ilə” Məmməd kimi…

Bəsmələdəki “b” hərfi iki tərəf olduğunu və bu iki tərəf arasında bir əlaqənin varlığını açıq şəkildə bəyan edir. Bu tərəflərdən biri hər işə “Bismilləhir-rahmənir-rajim” ilə başlayan bəndə, digəri isə onu yaradan Allah-Təaladır. Məhz “b” hərfi də bu münasibəti təşkil etdiyi üçün həm Quranın, həm də Fatihə surəsinin bir növ xülasəsi sayılmışdır.

 Bəsmələ Allah ilə edilən sözləşmədir. Allahın adıyla başlayıram, Allahın adıyla kəsirəm, Allahın adıyla yeyirəm, içirəm… kimi. Və “b” hərfindən sonra Uca Rəbbimizin üç gözəl adı çəkilir. Allah, Rəhman və Rəhim. Bəsmələ çəkən bəndə əslində belə demək istəyir: “Ya Rəbb, bu an sənin adınla bir işə başlayıram, sənin təyin etdiyin qulluq proqramını qəbul edirəm və sənin iznini istəyirəm.” Buna görə də haram işə başlayarkən bəsmələ çəkilməz. nəticə etibarilə mömin kəs başında bəsmələ çəkilməyəcək, Allahın adlarının zikr edilməyəcəyi pis işləri tərk etmək məcburiyyətindədir. Bu da bəsmələnin qarşımıza qoyduğu qulluq proqramıdır.

Mömin dünya yolçuluğunda “bismillah” deyib addımlayar. Kralın, padşahın və ya sultanın adıyla, ünvanıyla və fərmanıyla gedənə, heç kimin cəza kəsməyəcəyi kimi cəza kəsənlər də cəzalandırılar. Mömin bu dünya mülkündə mülk sahibinin adıyla yol tutandır. Mülkün sahibini dərk edənlər mülkün sahibinin adıyla addımlayana zərər verməzlər və işlərində ona kömək edərlər.

 Bəsmələ Allahın adıyla deməkdir və İslam mədəniyyəti insanın hər işə Allahın adıyla başlamasını zəruri qılır. Əgər bu, anlayışla, səmimiyyətlə edilərsə, aşağıdakı üç gözəl nəticəni doğuracaqdır. Birincisi; bu, insanı pislikdən uzaq tutacaqdır. Çünki Allahın adı onun, hər hansı pis birniyyəti və ya səhv bir hərəkəti Onun adını anaraq etməyə haqqı olub-olmadığını düşünməsini təmin edəcəkdir. İkincisi; insan məşru bir işə başlayarkən Allahın adını anarsa, onun hər hərəkəti Allahın rizasına uyğun olar. Üçüncüsü; həmin insan Allahın yardım və nemətiylə qarşılaşacaq və şeytanın hiyləsindən qorunacaqdır. Çünki kim Allaha yönələrsə Allah da ona yönələr.  

Bəsmələ sadəcə bu ümmətin deyil, əvvəlki ümmətlərin də açarı və şifrəsidir. Hz. Süleyman Bəlqisə yazdığı məktuba belə başlamışdı: “O, (məktub) Süleymandandır və “bismilləhir-rahmənir-rahim” – Rəhman və Rəhim olan Allahın adıyladır.” (ən-Nəml, 30) Hz. Nuh isə tufan əsnasında gəmiyə minərkən “bismilləhi məcrahə və mursəhə” (gəminin üzməsi də, dayanması da Allahın izni ilədir). (Hud, 41) Bu ayələr bizə ümmətlər dəyişsə də bəsmələnin dəyişməyən nəzər nöqtəsi olduğunu göstərir. Bu nəzər nöqtəsi Allah-Təalanın bizi başıboş buraxmadığını, əksinə hər işimizdən xəbərdar olduğunu göstərməkdədir. Bizim isə işlərimizin başında bismillah deməyimiz Allah-Təala ilə nə qədər bərabər olmaq istədiyimizi, onun istədiyi əməlləri nə qədər etmək arzusunda olduğumuzu, istəmədiyi əməllərdən də nə qədər uzaq olmağa cəhd etdiyimizi göstərən möhtəşəm bir başlanğıcdır.

 İBRAHİM EROL

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SAYLAR HƏYATDA, YOXSA HƏYAT SAYLARDA?

“Omnia in numeris sita sunt – Hər şey saylarda gizlidir” sözü var. Sayların içində gizlənməyən və saylarla ifadə edilməyən nə...

Bağla