GÜNƏŞ HAQQINDA BUNLARI BİLİRİSİNİZMİ?

0

Günəşlə dünya arasındakı məsafə 150 milyon kilometrdir. Bu məsafə işıq sürəti ilə səkkiz dəqiqəyə qət edilə bilər. Bir də digər qalaktikaları və planetləri düşünək.

Günəşin beş milyard yaşı olduğu təxmin edilir. İstiliyini mərkəzindəki nüvədən təmin edərək durmadan yanır.

Günəşin böyüklüyünü dərk etmək üçün belə bir ölçü verək: İçərisinə dünyamız böyüklükdə 1 milyon 300 min planet sığar.

Səthi istiliyi 6 min santiqrad, daxili istiliyi isə 20 milyon santiqrad dərəcədir.

Yəni dünyanın mərkəzi alov okeanı, səmamızdakı günəş isə ondan da nəhəng yanar okean… Allah-Təala iki alov arasında bizə sərin və firavan həyat bəxş edir. İnsan oğlu şeytan və nəfs alovu arasında ruhunu zərifləşdirib “mərifətullah”da məsafələr qət etdikcə onların şərindən xilas olar.

Həmin günəşin vəsilə qılındığı fotosintezlə nəbatat, çiçəklər və meyvələrlə ruziləndirilirik.

Günəşdə bir saniyədə 564 milyon ton hidrogen 560 milyon ton heliuma çevrilir. Aradakı 4 milyon tonluq qaz fərqi enerji və şüa olaraq yayılır.

Yox olan kütləyə görə hesablasaq:

Günəş saniyədə 4 milyon ton, dəqiqədə isə 240 milyon ton kütlə itirir. Lakin günəşin bu günə qədər itirdiyi ümumi kütlə yalnız beş mində biridir.

Günəş işığı bütün sistemi işıqlandırmır. İşıq şüaları sanki izolyasiya edilmiş xüsusi bir kabellə ətrafa sızmadan atmosferə qədər gəlir. Atmosferə toxunduğu an sanki lam­pa­nın düyməsinə basılmış kimi açılaraq ziyasını yaymağa başlayır. Bizə rəngarəng bir aləmi seyr etdirir.

Günəşdən gələn şüalar yerə toxunduğu an istilik yayır, bütün məxluqatı lazımi temperaturla təmin edir. Bütün məxluqların tənzimatı bu tarazlığa bağlıdır. 

Yarpağa toxunur, onun inkişafını təmin edir.

Dənizə toxunur, su dövranı üçün lazımi miqdarda suyu buxarlandırır…

Günəş saatda 720 min kilometr sürətlə yol qət edir. Haraya? Məchula…

Günəş Samanyolu qalaktikasında mövcud olan 200 milyard ulduzdan sadəcə biridir. Günəş kimi milyardlarla ilahi əzəmət təcəllisi var. Misilsiz qüdrət və möcüzəvi yaradılış! Bu gün hələ edilə bilməyən bir məlumatı Allah-Təala ayeyi-kərimədə misal verir:

“Ulduzların mənzillərinə and olsun ki, kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz”. (əl-Vaqiə, 75-76)

Biz Allah-Təalanın əzəmətli sənətini bəsit və dar çərçivədə idrakımız qədər anlaya bilirik.

Dənizdə balıqların yaşadığını deyirik. İlahi tənzim dənizin içində görünməz pərdələr çəkib. Üst səviyyədə yaşayan balıqlar dənizin aşağı səviyyəsinə enmir. Orta səviyyədə yaşayanlar da daha aşağı təbəqələrə, dibə enmir. Dibdəkilər üstə çıxmır. Hər biri suda mövcud olan görünməz qatlar içində həyatını davam etdirir.

 

Dənizin günəş işığı dəyməyən dərinliklərində də balıqlar və digər məxluqlar yaşayır. Allah onlara da başqa gözlər, başqa antenalar bəxş edib. Yarasalarda və bir çox məxluqda insan oğlunun yeni kəşf etdiyi radarlarda istifadə olunan sistem var.

Balalarının böyüməsində ilanın nəzərlərinin xüsusi təsiri var. Həmçinin tısbağanın baxışının da yumurtalarının qırılmasında təsiredici gücə malik olduğu deyilir.

Hər bir məxluqun başqa həyat tərzi var. Dünyaya gəlişi, böyüməsi və ömrü.

Kenqurunun hamiləlik dövrü və balalarını əmizdirmə nizamı bambaşqa xüsusiyyətlərlə doludur. 30-40 günlük qısa­müddətli hamiləlikdən sonra doğulan kiçik balalar analarının kisəsinə keçir və doqquz ay həmin kisədə ana südü ilə bəslənir. Bu süd balanın ehtiyacına görə ifraz olunur. Əvvəlcə su kimi duru, sonrakı aylarda qatı və yağlı olur. Ana kenquru bir balası böyüyərkən başqa birini dünyaya gətirə bilir. Bədənində onun üçün ayrı, əvvəlki balası üçün ayrı tərkibli süd yaradılır. Sanki başqa-başqa kranlardan ikram edilir. Üçüncü balası doğulur, bu dəfə üç məmədən müxtəlif tərkibli üç süd axır.

Necə də möhtəşəm bir mənzərə! Necə də əzəmətli qüdrət nişanəsi!

Hər biri Allahın əzəmət təcəlliləri…

Müxtəlif xüsusiyyətlərə malik gözlər var… Bəzi ilanlar termal kameralarda təqlid olunan gözlərə malikdir. Ovunu qaranlıqda bədəninin istiliyinə görə görür.

Bir çox böcək növündə yüzlərlə, minlərlə göz pətəkvari şəkildə bir yerdə cəm olmuş haldadır.

Hər şey Onun sənəti qarşısında etiraf edir:

صُنْعَ اللَّهِ الَّذِي أَتْقَنَ كُلَّ شَيْءٍ

“…Bu, hər şeyi bacarıqla (yerli-yerində) edən Allahın gördüyü işdir…”  (ən-Nəml, 88)

Ziya Paşanın da dediyi kimi:

سُبْحَانَ مَنْ تَحَيَّرَ فِي صُنْعِهِ الْعُقُولُ

سُبْحَانَ مَنْ بِقُدْرَتِهِ يَعْجِزُ الْفُحُولُ

“Sənəti qarşısında ağılların heyrətə düşdüyü, qüdrəti ilə ən üstün alimləri də aciz qoyan Allah-Təalanı nöqsan sifətlərdən tənzih edirəm…”    

Yer üzü vadiləri, ovalıqları, dağları və digər coğrafi rel­yefləri ilə insanın yaşaya bilməsi üçün əlverişli yaradılmışdır. Bir az əvvəl bəhs etdiyimiz alov okeanı üzərində yamyaşıl bağlar, bağçalar, tarlalar və otlaqlar yaradılmışdır. Ağac bir nemət, kölgə başqa bir nemət… Bizi əti və südü ilə bəsləyən heyvanları doyduran, gözümüzdə heç bir dəyəri olmayan otlar nə böyük nemətdir… Möhtəşəm bir nizam… Pozulmayan ahəng…

Bütün bunlar ayrı bir nemətdir. Hər biri Xaliqini təfəkkür etdirən, əzəmət qarşısında qorxu ilə ürpərməyə və şükrünü ədaya sövq edən fövqəladə mənzərələrdir.

KANİNAT, QURAN VƏ İNSAN, OSMAN NURİ TOPBAŞ

İPƏKYOLU NƏŞRİYYATI

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YAĞIŞ DİLİ ÖYRƏNİRƏM

Dil insanlar arasında ən vacib ünsiyyət vasitələrindən biridir. Qədim zamanlardan dil mədəniyyətinin formalaşması dilin insan həyatında nə qədər mühüm bir...

Bağla