Bu günlərdə istər dünya mətbuatında istərsə də yerli mətbuatda demək olar ki, ən çox yer verilən mövzu Afrikanın şərqində yerləşən Somali yarımadasında insanların bir qurtum susuzluq, bir parça çörəksizlikdən ölümə məhkum olmalarıdır. Orada lentə alınan görüntülər həqiqətən də normal bir insanı dəhşətə gətirməyə bilməz. Aclıq və xəstəlikdən hərəkətsiz halda yerdə qıvrılan iki körpə və onları lentə alarkən hıçqıraraq ağlayan bir avropalı. Həqiqətən də çox təsirli görüntülər sərgiləyir ətrafa. Hər birimizi göz yaşlarına böğacaq bu görüntülər bir deyil, on minlərlədir bəlkə də. Həyatda ən böyük arzuları doyunca yemək yeyib, su içə bilmək olan bu insanları bizlərdən sacədə dərilərinin rəngləri fərqləndirir.
Ananın gözü qarşısında körpəsinin aclıqdan ölməsini düşünə bilirikmi görəsən? Və o aclıq ki, bir neçə gündən sonra o ananı da ölümün ağuşuna təslim edəcək. Bəlkə də yaşadığımız dünyada ən acınacaqlı bir görüntüdür bu. Övladının həyatı üçün canını belə fəda etməyə hazır olan ana bu vəziyyət qarşısında acizdir. Kəlmələrin belə ifadə edə bilmədiyi mənzərənin bəlkə də bütün dünya şahidi olub. Bizlərdən min kilometrlərlə uzaqlıqda yaşanan bu insanlıq dramı bizə bir şeylər deyir hər halda. Bu bir həqiqətdir ki, Somalidə ölən hər uşaq bizdən israf etdiklərimizin hesabını soruşacaq. Somalidə uşağı acından ölən ana isə bizdən yediklərimizin hesabını soruşacaq.
Bu gün dünya bir imtahanla üz-üzədir. Somali yalnız Afrikada yaşayanların deyil, həm də bütün dünyanın imtahanıdır. Birimiz varlıqla sınanırıq, birimiz yoxluqla. Somalidə bu gün aclıq yaşanır, dünyaya aclığın nə olduğunu anlatmaq üçün. Somalidə bu gün susuzluq yaşanır, suyu israf edənlərə xəbərdarlıq üçün. Somalidə bu gün hər bir saatda 3 uşaq acından ölür… İnsanlığa ölüm dərsi vermək üçün, insanlığa insan olmağın çətinliyini anlatmaq üçün.
Çoxumuz Ramazan ayında günün müəyyən saatlarını ac qalaraq oruc tuturuq. Amma sonunda yemək tapıb yeyə biləcəyimizdən arxayınıq. Arxayın olmasaq, bəlkə də oruc tutmazdıq. Bir neçə saat davam edən bu aclığa çoxumuz dözmürük, “xəstəyəm, halım yoxdur” deyərək bir çox bəhanələr gətirib oruc tutmuruq. Tutanlardan da bəziləri bütün günü axşam yeyəcəklərini xəyal edir. Qarnı doysa da gözü doymur. Daha nə yeyə bilərəm deyə süfrədən ayrıla bilmir. Yalnız az bir qism oruc tutan var ki, axşam iftarını Somalidəki qardaşları üçün infaq edir, iftarını ordakılarla paylaşır. Bilir ki, birinin israf etdiyi başqasının haqqıdır. Ona görə israf etməkdən qorxur. Çünki “Allahın israf edənləri sevmədiyini bilir”. İsraf yeyilmədən atılan yeməklərlə yanaşı, həm də artıq yeyilən tikədir. Artıq tikəyə israf kimi baxmağı bəlkə bizə öyrətməmişdilər. Amma Somali bunu bizə öyrətdi.
Kütləvi aclığın hökm sürdüyü Afrikada hazırda iki milyon uşaq malyariya və kala-azar (leyşmaniya) xəstəliklərindən əziyyət çəkir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Ərzaq Proqramının icraçı direktoru Josette Sheeran deyir ki, hər dörd uşaqdan biri doğrudan da təhlükəli durumdadır və bu uşaqlar qidasızlığın dördüncü dərəcəsinə çatsalar, ancaq 40 faizi xilas etmək mümkün olacaq. Somali yarımadasında (Afrika buynuzu bölgəsi) hər gün 40-50 uşaq pis qidalanmadan ölür. Keniyanın ən böyük qaçqın düşərgələrinin birində 300 mindən çox uşaq poliomielit və qızılca əleyhinə vaksin qəbul edir. Bu statistika adamı dəhşətə gətirir.
Bu gün uzaqlarda bizi və bizim verəcəyimiz bir tikə çörəyi gözləyən o insanlar heç bir zaman yadımızdan çıxa bilməz. Öz övladlarımızın dırnaqlarına belə bir xələl gəlməsini istəmədiyimiz halda ətrafımızda sadəcə bir loğma çörək, bir udum su ucbatından həyatla ölüm-dirim mübarizəsi aparan o körpələri necə unuda bilərik?
Hansısa formada Somalidəki aclığa məhkum insanlara yardım etmək zamanıdır. Bir çox inkişaf etmiş ölkələrdə insanlar tənhalıqdan, problemsizlikdən əzab çəkirlər. Bilmirlər necə faydalı olsunlar, halbuki faydalı olmaq üçün, işə yaramaq üçün o qədər səbəblər var ki. İnanıram ki, bu yazımı oxuyan hər bir kəs dünyamızda olan bu problem barədə az da olsa düşünəcək. Və onu da düşünəcək ki, bü gün dünyaya vədə edən hər bir körpə açılmadan solan bir çiçək kimi öz ətrini ətrafına yaymadan solur.
ELDAR KƏRİMOV